Ona görə heç olmasa, Nikol Paşinyan hökumətindən nəsə əldə etməyi umur
Separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan 44 günlük müharibəni araşdıran komissiyada dindirilib. Şahramanyan gözlənilənin əksinə olaraq Paşinyana “sadiqlik andı içib”. “Hraparak” nəşri Şahramanyanın dindirilməsi ilə bağlı detalları dərc edib. Nəşr yazıb ki, məxfi şəraitdə keçən dindirilmə zamanı komissiya üzvlərinin Şahramanyanı qorxutmasına ehtiyac qalmayıb.
O, könüllü şəkildə hər şeyi etiraf edib. Bildirib ki, separatçıların keçmiş “başçıları” da vəziyyətdən çıxış yolunu bilmirdilər və buna məcbur idilər. Şahramanyan keçmiş “başçıların” Rusiya sülhməramlılarının qərargahında gizləndiyini deyib. O, Ermənistanda siyasətlə məşğul olmayacağını, Qarabağdan qayıdanlara “rəhbərlik” etməyəcəyini bildirib. Nəşr yazır ki, hakim komandanın üzvləri sonda hər şeydən razı qalıblar: “Hətta sonda Şahramanyanın şərəfinə qonaqlıq da veriblər. Şahramanyan açıq mətnlə Paşinyana sədaqət andı içib və bildirib ki, “narahat olmayın, mən hakimiyyətə qarşı heç bir aksiyada iştirak etməyəcəm”.
Şahramanyanın təslim olmasından sonra digər separatçılar yenidən qruplaşmaq və Paşinyan hakimiyyəti ilə mübarizə aparmaq niyyətindədir. Bu prosesdə separatçıların qondarma “parlamentinin spikeri” olmuş Aşot Qulyan aktivlik nümayiş etdirir. Onun təşəbbüsü ilə “alternativ layihələr” qrupu ermənilərin Qatanağa qayıdışı məsələsini müzakirə edib. Qulyan Paşinyan hakimiyyətini qondarma “Artsax elitası” ilə əlaqələri kəsməkdə ittiham edib. Baş verənləri Ermənistanda hakimiyyətlə separatçılar arasında qarşıdurmada yeni mərhələ, yaxud əksinə, Paşinyanın separatçıları ram etməsi kimi dəyərləndirilir.
Politoloq Tural İrfan "Sherg.az"a bildirib ki, Ermənistanda separatçı meyillər hər zaman olub və olacaq. Ekspertin sözlərinə görə, indiki hakimiyyət dövründə bu düşüncədə olan adamlara münbit şərait olmasa da, xarici təsirlərin əli ilə zaman-zaman separatçılıq özünü göstərəcək:
"İndiki halda isə həm separatçı Şahramanyan həm də onun kimi düşünənlər artıq hər şeyin iflasa uğradığını görürlər. Dərk edirlər ki, xarici təsirlərə uyub separatçılıq etmək sonda uğursuzluğa gətirib çıxarır. Ona görə də bu cür mövqe tutmaqla, heç olmasa, Nikol Paşinyan hökumətindən nəsə əldə etməyi umurlar. Yəni erməni bicliyi burada da işə düşür. Ən əsası isə Qarabağda heç nəyə nail ola bilməmələri separatçılara ciddi dərs oldu. Azərbaycan dövləti erməni separatçılara elə bir dərs verdi ki, həqiqətən ondan nəticə çıxartmamaq mümkün deyildi. Siyasi səhnədə də Azərbaycanın tam qələbəsi separatçıların ümidləndiyi dövlətlərin neytrallaşmasına, real dəstəyin kəsilməsinə səbəb oldu. Separatçılar bu oyunu bitirməyə məcbur qaldılar. Buna baxmayaraq, erməni separatizmi təhlükə olaraq qalmaqdadır. Separatçılar məhv olar, həbs edilər, lakin xəstə təfəkkürlü ermənilər separatçılıq ideyasını yaşadacaqlar. Ona görə də daim ehtiyatlı olmalı, tədbirlər görülməlidir".