Sərhəddə görüş gərgin keçib

Tərəflər arasında sərhədin hansı xəritələr üzrə müəyyən edilməsinə dair fikir ayrılığı davam edir

  Dünən Azərbaycan və Ermənistan arasında sərhəddə baş nazirin müavini Şahin Mustafayevlə erməni həmkarı Mher Qriqoryanın sədrliyi altında sərhədlərin delimitasiyası üzrə komissiyaların beşinci görüşü keçirilib. Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Həmçinin komissiyalar arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Eyni zamanda birgə fəaliyyət haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər. Komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair, həmçinin görüşün keçirilməsinin tarixi və yeri barədə razılığa gəliblər.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az" açıqlamasında bildirib ki, sülh müqaviləsi bağlanmadan sərhəddəki görüşlərdən müsbət nəticə gözləmək olmaz. Analitik vurğulayıb ki, belə görüşlər dəfələrlə keçirilib. Amma işin effektliyi üçün bu kimi iclaslar, sülh müqaviləsindən sonra olmalıdır: "Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması fonunda liderlərin ikitərəfli görüşü baş tutmur. İrəvan məhz üçüncü tərəfin - Vaşinqton, yaxud Brüsselin vasitəçiliyi ilə danışıqlarda maraqlıdır. Ermənistan hakimiyyətinin əsas məqsədi Azərbaycana təzyiqlərin formalaşmasına nail olmaqla, öz şərtləri çərçivəsində sülh müqaviləsinin bağlanmasına getməkdir. Qeyd edim ki, növbəti ildən Ermənistan ikitərəfli danışıqlara məcbur olacaq. Bunun üçün prosesi Avropa İttifaqı ilə Türkiyə aparır. Əgər liderlərin ikitərəfli danışıqları baş tutmasa, sərhəddə keçirilən birgə komissiyanın nəticəsi olmayacaq. Avropa İttifaqı prinsipcə ikitərəfli danışıqlarda maraqlıdır. Məhz Türkiyə vasitəsilə prosesin aparılmasında maraqlıdır. Amma Vaşinqton burada konkret olaraq vasitəçiliyini qabardır".
  Ekspertin sözlərinə görə, ABŞ keçmiş sülh müqaviləsinin öz "kurasiyasında" bağlanmasından yanadır: "Ağ Ev bununla Rusiyanı prosesdən tam çıxarmağı hədəfləyir. Lakin Amerika Ukraynada Rusiyanı məğlub etmədən Cənubi Qafqazdan da çıxara bilməyəcək. Vaşinqton hesab edirdi ki, Azərbaycana təzyiq etməklə regionda mövqeyini gücləndirə bilər. Bu siyasət Ağ Evin öz əleyhinə işlədi. Ermənistan tərəfindən verilən sülh açıqlamaları isə reallıqları əks etdirmir. Çünki siyasi iradələri yoxdur. Təlimatlar birbaşa Vaşinqtondan verilir".
  Siyasi şərhçi Asif Nərimanlı da "Şərq"ə bəyan edib ki, tərəflər arasında sərhədin hansı xəritələr üzrə müəyyən edilməsinə dair fikir ayrılığı davam edir: "İşğal altında qalan 8 kəndin azad edilməsinə qarşı İrəvan “erməni kəndləri” iddiasını irəli sürüb. Sərhəd məsələsində hansısa razılaşma xəritələrin saxlanıldığı Moskvanın prosesə qoşulmasını şərtləndirir. Görüşün Qərb cəbhəsi bununla razılaşmaq istəmir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın son iddiaları da İrəvanın “əlini yüksəltdiyini” göstərir. Erməni spiker 8 kəndin qaytarılmasına qarşı bildirir ki, “Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır. Bu 31 kəndin qaytarılmasından da danışmalıyıq”. İrəvan “31 kəndə” Başkəndi və müharibədən sonra dövlət sərhədinin bərpası nəticəsində ordumuzun nəzarət zonasına düşən əraziləri daxil edir. Bu iddia ilə ya 8 kəndin qaytarılmasını arxa plana keçirmək, ya da Başkəndi almaq və ordumuzun sərhədboyu mövqelərindən geri çəkilməsini təmin etmək istəyirlər. Nəticə etibarilə, Azərbaycan və Ermənistanın sərhədlə bağlı gündəliyi fərqlidir".