Erməni tarixçi, “Geqard” elmi-analitik fondunun direktoru Robert Kazaryan Azərbaycan-Ermənistan arasında sülh danışıqlarından, ümumiyyətlə, Cənubi Qafqazda sülhün əldə olunması prosesindən danışıb. Erməni tarixçi İrəvanın sülhdə maraqlı olduğunu vurğulasa da, təəssüflə iddia edib ki, Cənubi Qafqaz sülhün adətən çox uzun sürdüyü region deyil. Tarixçi xatırladıb ki, bölgə, ilk növbədə, “sivilizasiyaların və xalqların qovşağında yerləşən Ermənistan”ın “dağlıq ərazisi” həmişə müharibələrin episentrində olub, nəticədə erməni xalqı ağrılı itkilər verib: “Biz sülh arzulamaya bilmərik, lakin bu cür layihələr Ermənistanın milli maraqlarına əsaslanmalıdır və bu, birtərəfli ola bilməz. Qonşuların da bunda maraqlı olması lazımdır”. Tarixçi tarixi olaylara da diqqət çəkərək bölgədə heç vaxt qalıcı sülh olmadığını qeyd edib: "“Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) layihəsi hamıya vacib siqnaldır ki, biz regionda qarşıdurmaya son qoymaq üçün sülh və münaqişələrin həlli tərəfdarıyıq".
Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında deyib ki, erməni tarixçisinin "Cənubi Qafqazda qalıcı sülh mümkün görünmür" açıqlamasının səbəbi elə ermənilər özüdür. Alim bildirib ki, əslində, Cənubi Qafqaz erməni tarixçinin iddia etdiyi kimi tarix boyu münaqişə ocaqlarının məskəni olmayıb:
"Cənubi Qafqazda sadəcə müəyyən dövrləri əhatə edən müharibələr, qarşıdurmalar baş verib. Səfəvilər, Osmanlılar, Baharlılar dövründə bölgədə ciddi münaqişələrdən, qeyri-sabitlikdən söhbət gedə bilməz. Bəzi dövrlərdə haylar tərəfindən hansısa separatçı meyillər baş verib. Regionda sülhə zərbə vuranlar da məhz separatçı ermənilər olub. Son iki əsrdə bu məsələ özünü daha çox büruzə verib. Elə hayların bölgəyə gəlməsi də məhz XIX əsrə təsadüf edir. Qarışıqlıq da bundan sonra geniş vüsət almağa başlayıb. Harada erməni toplumu varsa, orada problemlər, ərazi iddiaları baş qaldırıb. Hayların arxasında dayanan böyük qüvvələr - Böyük Britaniya, Fransa, çar və sovet Rusiyası Cənubi Qafqazda sabitlikdə maraqlı olmayıblar. İndi Qərb ölkələri İrəvanı sülhdən yayındırmaq üçün addımlar atırlar. Ermənistan da onların oyunlarına aldanır. Halbuki hazırda sülh və sabitlik ilk növbədə ermənilərin özlərinə lazımdır. O baxımdan Ermənistan kənar güclərin təhrikinə getmədən Azərbaycanla sülhün əldə olunmasında ciddi addımlar atmalıdır. Əks halda bu kimi bəhanələr irəli sürməklə ermənilərin gələcəyi olmayacaq".