Türkiyə sülh müqaviləsinin tez bir zamanda bağlanmasına kilidlənir - RƏY

Ərdoğan tələsir

Ankara regiona kənar müdaxilələrin qarşısını almaq təşəbbüslərində haqlı tərəf kimi çıxış edir

  Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısında Cənubi Qafqazla bağlı son durum müzakirə olunub. İclasın nəticələrinə dair açıqlamada bildirilib ki, Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnməsi və Ermənistanla münasibətlərimizin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də qiymətləndirilib. Açıqlamada vurğulanıb ki, Türkiyə Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin sülh və rifahına töhfə verəcək daimi sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçirilən toplantıda Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə də müzakirə olunub.
  Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a bildirib ki, yeddi bəndlik müzakirə portfeli Türkiyənin bir neçə regionu əhatə edən təmsilçilik dairəsini genişləndirmək istiqamətlərini təyin edir. Analitik qeyd edib ki, bölgədə baş verən insident və ya hərbi eskalasiya çox asanlıqla digər regiona sıçrayır. Çünki oyunçular aşağı-yuxarı eynidir və biri digərini güzəştə məcbur etmək üçün alternativ regionlardakı kartlarını oynayır: 

"Türkiyə də manevrlərini gücləndirmək və strateji maraqlarını təmin edib onu qoruyub-saxlamaqdan ötrü regional aktor olaraq marağı olan bölgələrə bir paket halında baxır. Artıq şübhə yoxdur ki, Türkiyə məramlarını böyük bir ölçüyə gətirərək özünün təhlükəsizlik və sülh indeksindəki rolunu nəzərəçarpacaq dərəcədə yüksəyə ucaldır. Ancaq yaranan regional münaqişələr və bunun qlobal bazarlardakı əks-sədası Türkiyə üçün bir xeyli çağırışlar da yaradır.
  Burada Türkiyənin Cənubi Qafqaz regionundakı genişlənən statusuna diqqət edəcəyik. Düzdür, bu bölgədə Türkiyənin uzun müddətdir maraqları olub, lakin onları üstün səviyyədə təmin etmək prosesi İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən sonra başladı. Bu mənada, Qafqaz regionunda yüksəksəviyyəli təmsilçilik müasir Türkiyə üçün yeni bir tendensiyadır.
Bu baxımdan, Türkiyəyə qarşı yönələn və ya istiqamətləndirilən təhdidlərin bir ucu, təbii ki, Ankaranın Cənubi Qafqazdakı arteriyasına da toxunur.
Ona görə də Ankara regiona kənar müdaxilələrin qarşısını almaq təşəbbüslərində haqlı tərəf kimi çıxış edir".
  Ekspert vurğulayıb ki, Türkiyənin əsas rəqibləri Qərbdən gəlir. Hərçənd Böyük Britaniya ilə Ankaranın müştərək sferası fərqli tendensiyaları əhatə edir: "Yəni Londonu çıxmaq şərtilə, ABŞ, Fransa, Almaniya, Kanada kimi Qərb sisteminə daxil olan ölkələrin Cənubi Qafqazdakı gizli gündəliklə iştirakı Ankara üçün o qədər də ürəkaçan deyil. Deməli, Türkiyəyə qarşı qüvvələr eyni zamanda Bakı-Ankara strateji müttəfiqliyindən də narazıdırlar. Türkiyə üçün onları neytrallaşdırmaq vacibdir, buna görə də Ankara regionda geosiyasi mübarizəni şiddətləndirən problemlərin həllinə tərəfdardır. Türkiyə problemlərin düsturunu hazırlayarkən öz müdafiə qabiliyyətini artıraraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə kilidlənir. Əks təqdirdə isə Azərbaycanın ata biləcəyi addımlara təhlükəsizlik təminatı verən ölkə kimi Türkiyənin yeri daha çoxunu narahat edəcək. Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi ilə əlaqədar müzakirələr aparılması Ankaranın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə olduqca geniş bir pəncərədən baxdığını göstərir. Burada Türkiyənin, əsasən, Mərkəzi Asiya və Cənubi Qafqaz körpüsündəki strateji maraqları önə çıxır. Deməli, Türkiyə Zəngəzur dəhlizi ilə əlaqədar yarana biləcək gələcək tendensiyaları yuxarıda göstərdiyimiz yeddi bəndlik vahid paketin daxilində təhlil edərək maraqlarını vahid geosiyasi məkan qavrayışında inkişaf etdirir. Ankaradan Zəngəzur dəhlizinin açılması üçün verilən mesajlar Azərbaycanın regional məqsədlərində əlavə nəticələr əldə etməsi üçün böyük bir stimul olaraq qalacaq".