Bu ölkələr də qalib və haqlı Azərbaycanla dost münasibətdə olmaq istəyirlər
Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın Ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Ötən gün Azərbaycanın Küveytdəki səfirliyində “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” adlı konfrans təşkil edilib. Konfransda Küveyt dövlət qurumlarının rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, beyin mərkəzlərinin təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri, Küveytdə fəaliyyət göstərən türk müəllimlər, habelə orada təhsil alan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov konfransı açaraq Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə geniş nitq söyləyib. Səfir çıxışında 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” və bu il ICESCO tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumat verib. Diplomat Şuşanın tarixi, coğrafiyası və mədəniyyətindən ətraflı bəhs edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il Şuşa şəhərinin işğaldan azad edildiyi tarixin – 8 noyabrın Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini bildirib. Həmçinin Şuşa şəhərində keçirilən çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə toxunaraq, Azərbaycanın Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdən geniş danışmış və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclasının bu il noyabrın 16-da Azərbaycanın işğaldan azad edilmiş daha bir rayonunda - Zəngilanda keçirildiyini vurğulayıb. O, həmçinin TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət rəhbərlərinin və hökumət üzvlərinin işğaldan azad edilmiş Qarabağa səfərlərini məmnunluq və minnətdarlıq hissi ilə xatırlayıb və bu ölkələr tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdən bəhs edib. Səfir 30 il öncə öz doğma yurdlarından köçkün düşmüş insanların öz evlərinə qayıtmalarının təmin edilməsi məqsədilə dövlətimiz tərəfindən “Böyük Qayıdış” proqramının hazırlandığını diqqətə çatdırıb, Qarabağ və Şərqi Zəngəzur rayonlarının Prezident İlham Əliyev tərəfindən "Yaşıl Enerji Zonası" elan edildiyini və bunun qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsulu olduğunu bildirib. Bununla yanaşı, səfirliyin dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumatları ehtiva edən kitabça hazırlanıb. Orada Şuşa şəhərinin mədəniyyət abidələrini, tarixi binalarını, kulinariyasını, füsunkar təbiətini, işğaldan azad edildikdən sonra Şuşada aparılan bərpa və quruculuq işlərini, habelə orada keçirilən mədəni tədbirləri özündə əks etdirən şəkillər yerləşdirilib. Konfrans çərçivəsində səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab, “İrs” jurnalının Şuşa şəhəri ilə bağlı xüsusi buraxılışı və Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” festivalına həsr olunmuş nömrələri, habelə digər təbliğat materiallarından ibarət sərgi təşkil olunub. Səfirlik tərəfindən “Youm əl-Bahar” parkında təşkil olunan Bahar Festivalında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xüsusi guşə hazırlanıb. İştirakçılara Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib. Bununla yanaşı, səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab, Şuşa şəhəri ilə bağlı “İrs” jurnalının xüsusi buraxılışı, Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” festivalına həsr olunmuş tədbirlərə aid digər təbliğat materialları iştirakçılara təqdim olunub. Səfirlik üzərində Xarıbülbül və Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalçalar təşkilatçılara hədiyyə olaraq təqdim edib. Şuşa şəhərinin 2023-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunmuş konfrans barədə məlumatlar Küveytin ərəbdilli “Əl-Nahar”, “Əl-Qabas”, “Əl-Siyasa”, “Əl-Ray”, “Əl-Ənba”, “Əl-Cəridə”, “Əl-Vasat” və ingilisdilli “Kuwaittimes” qəzetlərində, www.q8-press.com elektron xəbər portalında və həmin KİV-in sosial şəbəkələrində geniş işıqlandırılıb.
Siyasi şərhçi, ilahiyyatçı-ekspert Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanla ərəb ölkələri arasında hər zaman normal münasibətlər olub və indi də davam edir. Ekspertə görə, bir çox ərəb ölkələri ilə iqtisadi əlaqələr mövcuddur: "Şübhəsiz, İkinci Qarabağ savaşından və şanlı qələbəmizdən sonra Azərbaycana diqqət daha da artdı. Bu, ərəb ölkələri ilə də əlaqələrin sıxlaşmasına təkan verdi. Hazırda bu əlaqələr daha da genişlənir. Ərəb ölkələri də bunda maraqlıdırlar. Çünki qalib və haqlı dövlət ilə dost münasibətdə olmaq istəyirlər. Zəngin neft ölkələri olan ərəb ölkələri ilə daha yaxın əlaqələr bizim üçün də sərfəlidir. Demək olar ki, bütün ərəb dövlətləri Qarabağ məsələsində bizi dəstəkləyirdi. Genişmiqyaslı əməkdaşlığı davamlı etmək lazımdır. Bəzi ərəb ölkələrində təəssüf ki, bizi o qədər də tanımırdılar, ona görə də münasibətlər adi idi. Ancaq 44 günlük müharibədən sonra Azərbaycan öz qələbəsi ilə dünyaya səs saldı və həmin ölkələr də Azərbaycanı daha dərindən tanıdı".
Analitik vurğulayıb ki, ermənilər sovet dövründən ərəb ölkələrinə siyasi cəhətdən yol tapıblar: "Bəzi ölkələrdə lobbiləri də var. Sovet dövründə məlumdur ki, SSR-nin ərəb ölkələri ilə əlaqələri yaxın idi. Ermənilərin də Sovet hökumətindəki rolları məlumdur. Məhz bu rol vasitəsilə bir qədər də erməni yaşayan Suriya, Livan, Fələstin kimi yerlərdə ərəblərə özlərini sırıya bilmişdilər və Azərbaycan haqqında, Türkiyə haqqında yanlış propaqanda aparırdılar. İndi isə artıq onların bu təbliğatı iflas olmaqdadır. Çünki sovet təsiri artıq əriyir və Azərbaycan qələbə vasitəsilə dünyaya sübut etdi ki, haqlıdır. Nə qədər ermənilər təsir etsə də, hər halda müsəlman ərəb ölkələri həlledici məqamda müsəlman Azərbaycanın yanında olacaqlar. Təkcə müsəlmanlığa görə yox, haqlı və güclü olduğumuza görə. Müəyyən sahələri inkişaf etdirmiş ərəb ölkələri də var. Hesab edirəm ki, bir çox sahələrdə həmin ölkələrlə əlaqələri daha da sıxlaşdırmalıyıq".