Beynəlxalq Qarabağ Təşkilatı yeni fəaliyyət istiqamətlərinin anonsunu verdi 

Beynəlxalq Qarabağ Təşkilatının idarə heyəti növbəti toplantısını keçirib. Şamil Mehdinin moderatorluğu ilə baş tutan toplantıda ay ərzində görülən işlər haqqında məlumat verilib, 2024-cü il üçün tədbirlər planı haqda geniş müzakirələr aparılıb.

"Sherg.az" bildirir ki, gündəlik məsələlər üzrə Türkiyədən Ziya Zakir Acar, Gursoy Solmaz, Rusiyadan Elşən İbrahimov, Gürcüstandan Ələddin Qarabağlı, Azərbaycandan BQT koordinatoru Akif Nağı, Şamil Mehdi, Güntəkin Nəcəfli, Novruz Novruzov, Almaniyadan Burzu Qılıncxanov müzakirələrdə iştirak edib, fikirlərini bölüşüblər. 
Ələddin Qarabağlı Gürcüstanda yaçayan soydaşlarımızın təhsil problemlərindən bəhs edib. N.Novruzov və Şamil Mehdi dispor təşkilatlarında yerli azərbaycanlıların yaşadıqları ölkənin dövlət dilini dərindən öyrənmələrinin vacibliyi məsələsini irəli sürüblər.

Təşkilatın koordinatoru Akif Nağının təklifi ilə “Şərqi Anadolu və Naxçıvan: tarix və müasirlik” mövzusunda konfransın Naxçıvanda və Türkiyənin Şərq Anadolu vilayətlərində təşkil edilməsi bəyənilib. Ziya Zakir Acar keçirilən tədbirlərin səmərəliliyini və təşkilatın işində geniş kütlələrin iştirakını təmin etmək üçün elm və mədəniyyət xadimlərinin birgə iştirakı təşəbbüsünü irəli sürüb. Toplantı iştirakçıları bu təklifləri təqdir edib və iş planına salınmasını dəstəkləyib. Qərara alınıb ki, illik fəaliyyət planı tərtib olunsun və tədbirlər daha intensiv keçirilsin.