Yaxın günlərdə müzakirələr aparılacaq və partiyanın qərarı ictimaiyyətə çatdırılacaq
Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsi prosesi başlanılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) ötən həftə keçirilən iclasında təsdiqlənən növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlər və tədbirlər Təqvim planında əskini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılmalıdır. Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında 2024-cü il fevralın 7-də seçkilərin təyin edilməsi haqqında qərar qəbul edildib. Artıq bir sıra partiyalarda seçki həyacanı başlayıb. O cümlədən namizədlərin müəyyənləşdirilməsi məsələsi də müzakirə olunmaqdadır.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, növbədənkənar prezident seçkisi elan olunduqdan sonra partiyada İdarə Heyətinin iclası keçirildi. Partiya təmsilçisi qeyd edib ki, partiyanın rayon təşkilatlarının fikirləri, mövqeləri öyrənilməkdədir:
"Növbədənkənar seçkilərin elan olunması gözlənilməz idi. Ona görə də partiya üzvlərinin, rayon təşkilatlarının rəhbərlərinin fikirləri önəmlidir. Nəticəyə uyğun olaraq, AĞ Partiya seçkidə iştirak edib-etməmək barədə öz qərarını verəcək".
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov deyib ki, seçki ilə bağlı qərarın necə olmasını proqnozlaşdırmaq asan deyil: "Obyektiv səbəblərdən seçkidə iştirakın əleyhinə olan partiya üzvlərinin sayı çoxdur. Əgər müzakirələr seçkidə iştirakın lehinə qərarla yekunlaşarsa, onda iştirakın forması və digər detallar aydınlaşdırılacaq".
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə də bildirib ki, MCP seçkilərdə iştirakın tərəfdarıdır:
"Bundan əvvəlki seçkilərdə fəal iştirak etmişik. Yaxın günlərdə növbədənkənar seçkilərlə bağlı partiyamızın İdarə Heyəti toplaşıb yekun qərar verəcək. Öz namizədimizi müəyyənləşdirəcəyik. Bu istiqamətdə rayon şöbələri ilə intensiv danışıqlar aparılır, imzatoplama işinin hansı müstəvidə həyata keçiriləcəyi dəqiqləşdirilir".
ReAL-ın partiyası isə seçki ilə bağlı qərarını 16 dekabr toplantısından sonra verəcək.
İlk iclasın nəticəsinə görə, Siyasi Komitənin 8 üzvündən 3-ü partiyanın gücünü parçalamamaq üçün noyabrda keçirilməsi gözlənilən parlament seçkilərində iştiraka fokuslanmağı, digər 3-ü isə partiya sədrinin prezidentliyə namizəd olmasını dəstəkləyib.
Məlumata əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyası da seçkiyə gedib-getməyəcəyi barədə qərar verməyib.
Deyilənə görə, yaxın günlərdə partiyada müzakirələr aparılacaq və partiyanın qərarı ictimaiyyətə çatdırılacaq. Xatırladaq ki, AXCP bundan öncəki prezident seçkilərini boykot edib. Müsavat Partiyası da hələ ki, seçkilərlə bağlı bir qərar verməyib.