“Keçmiş məcburi köçkünlərlə söhbətləşsin, onlara nə lazım olduğunu, hansı hisslər keçirdiklərini soruşsun”
ABŞ-nin Azərbaycanda yeni fəaliyyətə başlayan səfiri Mark Libbi videomüraciət yayıb. Səfir müraciətini Azərbaycan dilində edib. Səfir deyib ki, qısa müddət ərzində Bakını gəzib və onun əzəmətli yerlərini görmək şansını əldə edib: “ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dəstəkləyib və son 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olub. Ümid edirəm ki, burada olduğum müddətdə biz bu regionda davamlı və ləyaqətli sülh üçün birlikdə çalışacağıq. Azərbaycanın daha da inkişaf etdiyini, regionda və dünyada mühüm rol oynamağa davam etdiyini görəcəyik”. Diplomat Azərbaycan mətbəxinin ləzzətli plovunu və dolmasını dadıb: “Mən bu yerləri daha yaxından tanımağa, Azərbaycanda daha çox yer görməyə və dad dadmağa ümid edirəm. Azərbaycanı daha yaxından tanımaq üçün təkliflərinizi gözləyirəm”.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında Amerika səfirlərinin azad edilmiş ərazilərimizə getməkdən yayınmalarına diqqət çəkib:
"ABŞ-nin Azərbaycandakı yeni səfiri Mark Libbi artıq Azərbaycan plovunu və dolmasını dadıb. Buna görə də Azərbaycan mətbəxinin digər yeməkləri ilə tanış edilməsini xahiş edir. Əlbəttə, plov və dolma yaxşıdır, amma gözləyirik ki, ABŞ səfiri Şuşaya, Zəngilana getsin. Keçmiş məcburi köçkünlərlə söhbətləşsin, onlara nə lazım olduğunu, hansı hisslər keçirdiklərini soruşsun. Libbinin Ermənistandakı həmkarı da mütəmadi olaraq Azərbaycanla sərhəddə olur, Qarabağ erməniləri ilə görüşür. Ölkəmizə gələn amerikalı səfirlərin hamısı düşünür ki, azərbaycanca bir neçə kəlmə danışmağı öyrənməklə, milli xörəkləri dadmaqla, Novruz bayramında bir-iki dəfə odun üstündən tullanmaqla ikitərəfli münasibətlərin yaxşılaşmasına töhfə verəcəklər. Milli xörəklərə gəlincə, onu İrəvan kətəsi ilə tanış etmək yaxşı olardı. Əminəm ki, bəyənəcək".