Ermənistandakı “mülki missiya”nın hədəfi nədir? - RƏY

Atəşkəsə nəzarət funksiyası mənasızdır

Avropa Birliyini Rusiya və İran barədə kəşfiyyat məlumatlarının toplanması daha çox düşündürür

  Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri AB-nin Ermənistandakı “mülki missiyası”nın üzvlərinin sayını 50 faiz - 138 nəfərdən 209 nəfərə qədər artırmaq qərarı veriblər. AB xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell diqqətə çatdırıb ki, məqsəd Ermənistandakı mülki missiyanı gücləndirməkdir: "Bu, missiyanın sayının mühüm artımıdır və Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinin sabitliyini gücləndirmək üçün bir yoldur".
  Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Avropa Birliyinin mülki müşahidə missiyasının Ermənistanda əsas vəzifəsi kəşfiyyat məlumatlarının toplanmasından ibarətdir. Analitik vurğulayıb ki, bu missiyanın sərhəd bölgəsində atəşkəsə nəzarət funksiyası demək olar ki, effektiv mexanizmlərdən məhrumdur: 

"Avropa Birliyinin rəhbərliyini bu reallıq o qədər də narahat etmir. Çünki Avropa Birliyini yalnız Rusiya və İran barədə kəşfiyyat məlumatlarının toplanması daha çox düşündürür. Ona görə də indi bu missiyanın say tərkibini ciddi şəkildə artırırlar. Bölgəyə əlavə qüvvə göndərərək, kəşfiyyat fəaliyyətini gücləndirməyə çalışırlar. Avropa Birliyinin mülki müşahidə missiyasına Almaniya və Fransa kəşfiyyat qurumlarının keçmiş peşəkar əməkdaşları rəhbərlik edir. İndi bu missiyanın genişləndirilməsi böyük ehtimalla Cənubi Qafqaz uğrunda mübarizənin həlledici mərhələyə keçmək üzrə olması ilə birbaşa bağlıdır. Ola bilsin ki, indiki mərhələdə əlavə qüvvəyə ehtiyac yaranıb. Bu səbəbdən də yeni qüvvə cəlb edilir. Yəqin ki, tezliklə Rusiya da Ermənistandakı mövqelərini yaratmaqda olan yeni təhlükəyə reaksiya verməli olacaq. Bu baxımdan, Cənubi Qafqazda dünyanın nəhəng dövlətləri arasında daha gərgin geopolitik mübarizənin şahidi ola bilərik".