mədəniyyətinin təbliği:
Dünya tarixi həm də liderlərin tarixi, qəhrəman şəxsiyyətlərin tarixidir
Heydər Əliyevi müasir Azərbaycan dövlətçiliyinin qurucusu və qoruyucusu hesab etmək olar
Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt tarixi şans, milli iradə və liderə malik olmasıdır. Liderlik funksiyasını öz şəxsi nüfuzu, yüksək təşkilatçılığı, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və enerjisi ilə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinə malik olan, xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlar yerinə yetirirlər. Siyasi lider sadəcə, siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən, siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyil. O, hər şeydən əvvəl, hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir olan şəxsiyyətdir. Tarixən hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapıb. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurub, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin edib. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərib, milli düşüncənin düzgün məcrada inkişafına nail olub, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarıb. Çağdaş tariximizə öz möhürünü vurmuş Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də Ümummilli Liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaradıb.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, dünya tarixi həm də liderlərin tarixi, qəhrəman şəxsiyyətlərin tarixidir. Onun sözlərinə görə, biz ayrı-ayrı xalqların tarixinə bir qədər yaxından nəzər salsaq görərik ki, hər bir xalqın keçid dönəmlərində, milli azadlıq və dövlətçilik tarixində xilaskar rolunu oynamış, qurtuluş yolunu göstərmiş dahilər, öndər şəxsiyyətlər var:
"Onlar öz xalqlarının taleyində müstəsna rol oynayııb, toplumu öz arxasınca aparıb və ən kritik məqamlarda misilsiz iradə, əzmkarlıq və qətiyyət nümayiş etdirərək böhranları adlamağı, düşmənlərə qalib gəlməyi, ölkəsinin müstəqilliyini qorumağı, Qələbəyə imza atmağı bacarıblar. Tarix bu cür simaları xalqların və bəşəriyyətin taleyini dəyişən liderlər kimi, öndərlər kimi xatırlayır. Ümummilli Lider, Ulu Öndər kimi yüksək mənəvi-siyasi titulları qazanmış Heydər Əliyev də məhz bu cür nəhəng tarixi şəxsiyyətlərin sırasında yer tutur. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının növbəti ildönümüdür. Onun vəfatından 20 il ötür. Qədirbilən xalqımız hər il 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük minnətdarlıq hissilə, dərin ehtiram və rəhmət hissilə qeyd edir. Heydər Əliyev xalqımız qarşısında göstərdiyi xidmətləri ilə ölümsüzlük qazanmış, bütün azərbaycanlıların hər zaman qürurla xatırlayacağı uca şəxsiyyətdir. Bu mənada bütün həyatını Azərbaycana həsr edən Ulu Öndərin nə qədər ki Azərbaycan var, ürəklərdə yaşayacağı, var olacağı şəksizdir. Heydər Əliyevin ömrü ölkəmizin müstəqilliyinin qorunmasına, suverenliyinin təmin edilməsinə, dövlətçiliyin inkişafına, Azərbaycanın bölgənin liderinə çevrilməsinə və beynəlxalq aləmdə tanıdılmasına həsr olunmuş bir ömürdür. Məhz bu amillərə əsaslanaraq Heydər Əliyevi müasir Azərbaycan dövlətçiliyinin qurucusu və qoruyucusu hesab etmək olar".
Ekspert bildirib ki, onun ölkəmizə ikinci rəhbərlik dövrü ən keşməkeşli, təlatümlü illərə təsadüf edib: "Azərbaycan həmin dövrdə yenicə əldə edilmiş müstəqilliyini itirmək, kiçik separatçı dövlətlərə parçalanmaq və tamamilə işğal olunmaq təhlükəsi ilə üzləşmişdi. Müstəqilliyimizin başı üzərindən “Damokl qılıncı” asılmışdı. Biz bir xalq və dövlət olaraq “olum, ya ölüm” sualı kimi məşum bir sualla üz-üzə qalmışdıq. Söhbət ötən əsrin 90-cı illərinin əvvəllərindən gedir. Məhz Heydər Əliyevin yorulmaz mübarizəsi və titanik səyləri nəticəsində həmin illər ən yeni tariximizə müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Bu cür şəxsiyyətlərin tarixdə yeri və rolu illər keçdikcə bütün aspektləri, çalarları ilə tam şəkildə üzə çıxır və onların öz xalqı üçün, dövləti üçün gördükləri işlərin miqyası, apardıqları mübarizənin mürəkkəbliyi aydın olur. İki əsrin qovşağında və bir quruluşdan başqa bir quruluşa, bir sistemdən tam fərqli digər sistemə keçid dönəmində gənc müstəqil ölkəyə rəhbərlik etmək, onu ayaqda saxlamaq və möhkəmləndirmək heç də asan iş deyildi. Bu, yüz ildən bir təsadüf edilən tarixi missiya idi və Tanrı məhz Heydər Əliyevi bu missiyanı uğurla həyata keçirmək üçün seçmişdi. Bəli, Heydər Əliyev seçilmiş insanlar pleyadasına aiddir.
1993-cü ilin iyun ayını heç də təsadüfən Azərbaycanın ictimai-siyasi həyatında yeni epoxanın əsasının qoyulduğu məqam hesab etmirlər. Məhz həmin kritik məqamda Heydər Əliyev xalqın təkidli və Azərbaycanı süqut təhlükəsi ilə üzləşdirmiş səriştəsiz “cəbhə” iqtidarının xahişi ilə, dəvəti ilə Naxçıvandan Bakıya gələrək ölkəyə rəhbərlik etməyə razılıq verdi. Bununla da, dövlətçiliyimizin süqutunun qarşısı alındı, separatçı meyillərə son qoyuldu, vətəndaş müharibəsinin (qardaş qırğınının) önü kəsildi, xalqımız və ölkəmiz dərin iqtisadi böhrandan çıxmağa, siyasi hərc-mərclikdən qurtulmağa başladı. Elə bu amillərə görə də həmin dövr müasir tarixçiliyimizdə Qurtuluş dövrü kimi qiymətləndirilir. Və xalqımız da haqlı olaraq Ulu Öndəri qurucu lider kimi, xilaskar kimi qəbul edir. Çünki müstəqil dövlətçiliyin əsasları məhz Heydər Əliyev tərəfindən qoyuldu və Azərbaycan dövləti onun rəhbərlik etdiyi illərdə (1993-2003) beynəlxalq aləmdə öz layiqli yerini tutmağa müvəffəq oldu".
Ə.Hüseynov diqqətə çatdırıb ki, Ulu Öndərin dərin zəkası, siyasi iradəsi və dövlətçilik təcrübəsi xalqımızın və dövlətimizin həyatında əvəzedilməz rola malikdir: "Bu gün Qafqazın parlayan ulduzu adlandırılan və sürətli inkişaf yolunda böyük inamla irəliləyən müasir Azərbaycan dövlətini Heydər Əliyevin əsəri hesab etmək olar. Birmənalı olaraq deyə bilərik ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır. Heydər Əliyevin ömrünü dövlətçiliyin inkişafına həsr etməsinin və Azərbaycanın gələcək taleyini layiqli varisə etibar etməsinin sayəsində cəmi 30 il ərzində güclü, qüdrətli Azərbaycan formalaşdı. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu və inkişaf konsepsiyası onun davamçısı, Prezident və müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin bir siyasi lider kimi və bir ata kimi vəsiyyəti də cənab prezident tərəfindən şərəfli bir missiya kimi layiqincə yerinə yetirildi, torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Beləliklə, son 20 ildə Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etməyi bacardı. Ulu Öndərdən “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev ölkəmizin bugünkü uğurlarının, qələbələrinin təminatçısıdır. Bu uğurlara, qələbələrə görə ümid edirik ki, Ulu Öndərin ruhu şaddır. Biz də Heydər Əliyev kimi görkəmli siyasi və dövlət xadiminin zəngin irsindən faydalanmağımızla qürur duyuruq. Heydər Əliyevin siyasi irsi və ideyaları bütün azərbaycanlıların ömür yoluna işıq saçacaq".