Qərb Bakının güzəştə getməyəcəyini anlayıb? - ŞƏRH

Ermənistan Azərbaycanın tələbi əsasında ikitərəfli danışıqlara məcbur oldu

  "Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar çərçivəsində razılaşmanın yerinə yetirilməsi növbəti mərhələdə sülh müqaviləsinin bağlanması istiqamətində də ikitərəfli danışıqlar üçün zəmin yaradır". Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Azərbaycanın prinsipial mövqeyi ortadadır: "Vaşinqton və Avropa İttifaqından siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan güzəştə getmədi, mövqeyini daha da möhkəmləndirdi. Məhz Azərbaycanın bu mövqeyi ABŞ-ni Ermənistana təzyiq göstərməyə və Azərbaycanla ikitərəfli danışıqlara sövq etdi. Vaşinqton və Brüssel Azərbaycanın geri addım atacağını hesablayırdılar. Nəticədə baş verənlər vəziyyəti daha da böhrana apardı və ABŞ-nin Cənubi Qafqazda geosiyasi mövqeləri zəiflədi. Artıq Vaşinqtonun Ermənistanı ikitərəfli danışıqlar üçün təlimatlandırması istisna deyil. Ermənistan və Azərbaycan arasında son razılaşmanın həyata keçirilməsində amerikalı diplomat - Ceyms Obraynın ölkəmizə səfərinin və aparılan danışıqların rolu olub. Danışıqlarda Ağ Evin Azərbaycana qarşı təzyiq siyasətindən geri çəkiləcəyi razılaşdırılıb. Azərbaycan da xoşməramlı və humanitar prinsipləri rəhbər tutaraq sülh müqaviləsi istiqamətində real irəliləyişlər naminə razılaşmaya gedib. Bir daha qeyd edirəm, Ermənistan Azərbaycanın tələbi əsasında ikitərəfli danışıqlara məcbur oldu. Bu, Azərbaycanın İrəvan üzərində növbəti diplomatik üstünlüyüdür".