Ordu quruculuğunda mühüm addımlar atılmaqda davam edir

İctimai və dövlət maraqlarının müdafiəsi;

3 xüsusi təyinatlı hərbi kollec yaradılır

Ekspertin sözlərinə görə, məqsəd postmüharibə dövründə gənclərin zabit peşələrinə yiyələnməsini təşviq etməkdir

  Azərbaycanda, bölgədə və dünyada cərəyan edən proseslər bir daha təsdiqlədi ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması üçün ordu quruculuğunun daim inkişaf etdirilməsi qaçılmaz reallıqdır. Azərbaycanda ötən müddət ərzində hərbi təhlükəsizliyin təmin edilməsi, Silahlı Qüvvələrin daha da inkişafı istiqamətində əzəmətli işlər görülüb. Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətində diqqət çəkən məqamlardan biri Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı. Peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi. Prezidentin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bununla da, yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırıb. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam edib. Ulu Öndərin bu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul edib. Buna nümunə olaraq, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını göstərmək olar. Qırx dörd günlük Vətən müharibəsində bütün qoşun növləri kimi, Sərhəd Qoşunlarının şəxsi heyəti də torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Bundan başqa, Prezident İlham Əliyevin göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Bununla da, peşəkarlıqlarını daha da artıran hərbçilərimiz dünya ordularının təcrübəsi ilə praktik şəkildə tanış olublar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib.
  Ordu quruculuğunda mühüm addımlar atılmaqda davam edir. Məlum olduğu kimi Prezident İlham Əliyev "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalayıb. Fərmanla Azərbaycan Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvanda Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci üç ay müddətində yaradacaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. Fərmana əsasən, 2024-2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilir. Həmçinin 2024-2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilir. Sənədə əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Bundan başqa, hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ilkin olaraq 2 (iki) milyon manat məbləğində vəsait ayrılır.
  Mühüm sərəncamı "Sherg.az"a dəyərləndirən hərbi ekspert Elxan Şıxalıyev deyib ki, bu, Silahlı Qüvvələrin, ümumiyyətlə, bütün güc strukturlarında mövcud ola biləcək zabit heyətinin yaradılmasına yönəlmiş Fərmandır. Ekspertin sözlərinə görə, məqsəd postmüharibə dövründə gənclərin zabit peşələrinə yiyələnməsini təşviq etməkdir:

"Bu təşviqi həyata keçirmək üçün qanunvericiliklə xüsusi vəziyyət yaradılmalıdır ki, gənclər hərbi peşələri seçməyə meyilləri olsunlar. Bu, gələcəkdə Silahlı Qüvvələrin kadr potensialının gücləndirilməsinə yönəlib. Hərb peşəsini seçən gənclər xüsusi güzəştlər üzərindən bu peşənin arxasınca getsinlər və gələcəkdə zabit olsunlar. Kadr ehtiyacının tamamlanması üçün bu, önəmli məsələdir. Təbii ki, bütün sərəncamlar zərurətdən yaranır. Postmüharibə dövründə Ordumuzun kadr potensialının komplekləşməsi zəruridir. Məlumdur ki, müharibə dövründə, antiterror tədbirlərində zabitlərimiz şəhid oldu və müəyyən boşluq yarandı. Hərbi universitetlərdə xüsusi kolleclərin yaradılması, hərbi qulluqçuların xidmət dövrünün 20 ildən 25 ilə qaldırılması həm Silahlı Qüvvələrin kadr heyətinin komplekləşməsi, proqnozlaşdırıla bilən kadr heyətinin Orduda xidmətinin əvvəlcədən nəzərə alınması baxımından əhəmiyyətlidir. Gənclər əvvəlcə kolleclərdə, sonra hərbi liseylərdə təhsil alacaqlar. Hərbi liseyləri bitirənlər birbaşa leytenant rütbəsi ilə xidmətə başlayacaqlar. Postmüharibə dövründə Silahlı Qüvvələrdə xidmət dövlətin prioriteti olaraq qiymətləndirilir. Bütün hallarda ən yüksək səviyyədə döyüş hazırlığına malik olmaq üçün kadr potensialı əsasdır".