Milli Məclisin növbəti plenar iclası keçirilib

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 27 məsələ daxil edilib. 
"Sherg.az" xəbər verir ki, Parlamentin sədri Sahibə Qafarova deyib ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Heydər oğlu Əliyev prezidentliyə namizəd göstərilib. Sədr vurğulayıb ki, bu, bütün Azərbaycan xalqının fikrini ifadə edib. Spiker bildirib ki, Ulu öndərin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası daha da zənginləşdirilib: “Azərbaycan geniş bölgədə söz sahibinə çevrilib. Prezident İlham Əliyev müzəffər sərkərdə kimi adını tarixə həkk edib. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük uğurlara imza atacaq”.

"Milli maraqlara yönəlik istənilən təhdid beşiyindəcə boğulacaq"

Deputat Bəhruz Məhərrəmov deyib ki, milli maraqlara yönəlik istənilən təhdid beşiyindəcə boğulacaq. Parlament üzvü bildirib ki, elan edilmiş növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır: “Azərbaycan xalqı hərbi-siyasi qələbələrimizdən doğan yeni reallığa, yalnız İlham Əliyevlə adlamağı arzulayır və bu mənada Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirmiş oldu. Bu gün heç bir siyasi qüvvənin İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Antimilli ünsürlərin isə bu dəfə də prosesdən kənarda qalması əslində xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki, siyasi sabitliyi pozaraq ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar". 

"Bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq"

B.Məhərrəmov diqqətə çatdırıb ki, hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı bu gün, yaxud da gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz: "İndi ənənəvi destruktiv Qərb strukturları bu reallığın fərqindədir və Avropa Parlamentinin bir qrup korrupsioner deputatı da başda olmaqla bəzi dairələr beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə saxta bəhanələr altında seçki öncəsi bəyanatlar verməyə başlayıblar. Amma möhtərəm Prezidentin ifadə etdiyi kimi, 200-dən çox ölkə var, 20-30 ölkə özünü necə beynəlxalq ictimaiyyət saya bilər? Beynəlxalq ictimaiyyətin Azərbaycana real baxışının göstəricisi 3-5 korrupsioner deputatın, yaxud çürümüş neoimperialistlərin bəyanatları yox, 200-ə yaxın ölkənin yekdil rəyi ilə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP 29-un ev sahibliyini Azərbaycana həvalə etməsidir. Bu, İlham Əliyevin də ifadə etdiyi kimi, bizə olan ehtiramın ifadəsidir və bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq”.

"Seçkilər hər bir cəmiyyətdə barometri üzə çıxarır"

Parlamentin digər üzvü Musa Qasımlı qeyd edib ki, YAP-ın qərarı millətimizin bu gününə və gələcəyinə hesablanmış ən doğru qərardır: “Seçkilər hər bir cəmiyyətdə barometri üzə çıxarır. Siyasi partiyalar demokratik cəmiyyətin normasıdır. Siyasi partiya üçün hakimiyyətə gəlməyin yolu seçkidir. Seçkini boykot edib-etməmək qərarı hər bir siyasi partiyanın müstəsna hüququdur. Amma siyasi partiya hakimiyyətə gəlmək üçün yaradılır, onun yolu seçkidən keçir. Əgər bir siyasi partiya seçkidə iştirak etmirsə, o hansı yolla hakimiyyətə gəlmək istəyir? Hakimiyyətə gəlməyin yolu seçkidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin alternativi yoxdur, millətimizin tək namizədidir”.

"COP29-un ölkəmizdə keçirilməsinin böyük siyasi əhəmiyyəti də var"

Deputat Kamilə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır: “Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizə hörməti artırıb. COP29-un ölkəmizdə keçirilməsinin böyük siyasi əhəmiyyəti də var. Azərbaycanın öz ərazisi olan Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsindən qısa müddət sonra bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqda qərarın gəbul edilməsi dünya dövlətlərinin ölkəmizə dəstəyinin bariz nümunəsidir”.

"Tarixi məsuliyyət bütün xalqımızın üzərinə düşür" 

Millət vəkili Hikmət Babaoğlu deyib ki, Azərbaycan xalqının bütün hüquqlarını özünə qaytaran Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfər yeni reallıqlar və çağırışlar yaradıb. Onun sözlərinə görə, əldə edilən tarixi nailiyyətlərin Azərbaycan xalqının gücünə güc qatması, həyata keçirilən işlərin davamı ölkəmizin siyasi, hərbi, diplomatik meyarı İlham Əliyevlə bağlıdır: "Tarixi məsuliyyət bütün xalqımızın üzərinə düşür”.

"Azərbaycan özünün iqtisadi uğurları ilə yüksək nəticələr əldə edib"

Deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan tarixi günlərini yaşayır: "Seçkilərin tam şəffaf keçirilməsi üçün ölkəmizdə uyğun şərait var. Son 20 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atılıb. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib və burada böyük quruculuq-abadlıq işləri icra edilir. Həmçinin Azərbaycan özünün iqtisadi uğurları ilə yüksək nəticələr əldə edib".