Türkiyənin təzyiq siyasətinin müəyyən nəticələri var
Belə məqamda Ankara F16-lara görə öz siyasətində köklü dəyişiklik etməz
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir. Miller bildirib ki, Vaşinqton F-16-ların Türkiyəyə satışını dəstəkləyir: "Ancaq Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağına qərar verən insanlar var. Biz də Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə İsveçdən NATO-nun Vilnüs sammitində verdiyi vədləri yerinə yetirməsini gözləyir. O qeyd edib ki, İsveçin NATO-ya üzv olması və ABŞ-nin Türkiyəyə F-16 qırıcılarını göndərməsi məsələləri bir-birinə bağlıdır: “İnanıram ki, həm Amerikanın F-16 məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə (İsveçin NATO üzvlüyü - red.) müsbət baxışını sürətləndirəcək”.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə üçün F16 məsələsi artıq o qədər aktual və prinsipial deyil. Ekspert deyib ki, Ankara sırf hərbi təyyarələri almaq üçün öz prinsipial mövqeyindən vaz keçməz:
"Türkiyənin sərt mövqeyi ona gətirib çıxarıb ki, İsveçdə qanunlarla bağlı müəyyən redaktələr edilib. Yəni antiislam qüvvələrə, terrorçu qruplara qarşı qanunlar sərtləşdirilib. Ölkədəki bəzi aktivistlər də məsuliyyətə cəlb olunub. Görünən odur ki, Türkiyənin təzyiq siyasətinin müəyyən nəticələri var. Belə məqamda Ankara F16-lara görə öz siyasətində köklü dəyişiklik etməz. Əgər edərsə, kənardan elə görünəcək ki, "ABŞ Türkiyəni F16-larla ələ aldı". Türkiyə Prezidenti R.T.Ərdoğanın yeritdiyi siyasətin prinsipləri hamıya bəllidir. İsveç bu ərəfələrdə öz mövqeyini dəyişərsə, Türkiyənin bütün tələblərini yerinə yetirərsə, bu ölkənin NATO üzvlüyünə "yaşıl işıq" yandıracaq. F16 məsələsi də ondan sonra öz həllini tapar".
Analitik vurğulayıb ki, İsveçin NATO-ya qəbul edilməsi ABŞ üçün prinsipial məsələdir, ona görə də Türkiyə qarşısında belə şərtlər qoyur: "İsveçin NATO-ya daxil olması Rusiyanın Baltik dənizi istiqamətində tam bloklanması deməkdir. Rusiya onsuz da bloklanmış vəziyyətdədir. Amma İsveçin hərbi alyansa rəsmən daxil olması ilə NATO və təşkilatın arxasında duran ABŞ Baltik dənizində öz dominantlığını təsdiq edəcək. O səbəbdən İsveçin quruma üzvlüyü strateji baxımdan önəmlidir".