Son vaxtlar prosesdə müəyyən müsbət dinamika müşahidə olunur
"Azərbaycan və Ermənistan arasında vasitəçisiz hər hansı anlaşmanın əldə olunması çox vacibdir. İkitərəfli dialoqlar müəyyən problemlərlə üzləşsə də, bütün hallarda konkret nəticələr verir". Bu sözləri politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, bu da ondan xəbər verir ki, Azərbaycanla Ermənistan arasında birbaşa dialoq mümkündür. Birbaşa dialoq vasitəçilərsiz aparıla bilər. Son vaxtlar prosesdə müəyyən müsbət dinamika müşahidə olunur. 7 dekabrda və 30 noyabrda keçirilən görüşləri, əldə olunan razılaşmaları buna misal göstərmək olar. Həssas və humanitar məsələ olan hərbçilərin qarşılıqlı dəyişdirilməsi bir sıra problemlərin çözülməsinin, ikitərəfli humanitar məsələlərin həllinə səbəb olacaq. Danışıqlar intensiv xarakter alarsa, kütləvi məzarların aşkar olunması, itkinlər barədə məlumatların verilməsi və s. məsələlər də həllini tapa bilər. O baxımdan düşünürəm ki, ikili təmaslar hər cəhətdən effektli və faydalıdır. Davam etdirmək lazımdır".