Əmək müqavilələrinə xitam veriləcək...

Pedaqoji təhsili olmayan bağça müəllimləri növbəti ildən başlayacaq sertifikatlaşdırılmaya buraxılmayacaq

  Məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına 16 iyul 2024-cü ildə start veriləcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov dünən jurnalistlər üçün keçirilən brifinqdə deyib. O bildirib ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq.
  "Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. 16 may 2024-cü il tarixindən etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər".
  Orxan Abbasov həmçinin qeyd edib ki, bu il Azərbaycanda 100 bağçada keyfiyyət monitorinqinin keçirilməsi nəzərdə tutulur. O bildirib ki, il ərzində bağçaların fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilir: "Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq".
  Agentliyin direktor müavininin sözlərinə görə, bu ilin sonuna qədər bağçalarda işləyən tərbiyəçilərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırdır: "Diaqnostik qiymətləndirilmə ilin sonunadək keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb.
Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı ilə çərçivə sənədi müzakirə olunub. Bu ayın sonunadək iki sınaq imtahanı keçiriləcək. ARTİ tərəfindən çərçivə sənədi ilə bağlı vebinarlar təşkil ediləcək. Diaqnostik qiymətləndirilmə ilin sonunadək keçiriləcək".
 
  Təhsil eksperti Elşən Qafarov “Sherg.az"a açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrində işləyən tərbiyəçilərin diaqnostiksı mövcud problemlərin həllinə yönəlib:

“Bu sahədəki problemlər hər kəsə bəllidir. Bildiyiniz kimi, 2011-ci ildə uşaq bağçaları Elm və Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi.
2021-ci ilə qədər yerli icra hakimiyyətlərinin tabeleyində qalan bağçalarda qanundankənar işçi qəbulu və uşaq qəbulu həyata keçirilməsi bu sahədə çox ciddi problemlərə səbəb oldu. 2021-ci ildə ölkə başçısının sərəncamı ilə artıq uşaq bağçaları Elm və Təhsil Nazirliyinə verildi, bundan sonra məlum oldu ki, bu müəssisələrdə 10 il ərzində ciddi şəkildə pozuntular olub. Uşaq bağçalarının yerli icra hakimiyyətlərinin idarəsinə verilməsi təhsilin bu pilləsinin tamamilə çökməsinə gətirib çıxarmışdı. Hazırda respublika üzrə 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir və bu müəssisələrdə 16 mindən artıq təhsilverən işləyir. Onların 1/3-də birinin ümumiyyətlə təhsil yoxdur. Yerdə qalanların isə böyük əksəriyyətinin məktəbəqədər təhsili yoxdur. Düzdür, təhsilimizin bütün pillələrində ciddi çatışmazlıqlar var, lakin məktəbəqədər təhsil sistemimiz başdan ayağa problemin içərisindədir. Yeganə çıxış yolu isə diaqnostika və sertifikasiyanın keçirilməsidir. Məktəbəqədər hazırlıq təhsilin ən vacib pilləsidir, tərbiyəçilərin diaqnostikadan keçirilməsi yalnız təhsilli şəxslərin bu cür müəssisələrdə çalışmasına imkan verəcək. Uşaq bağçası tərbiyəçisi uşağın fiziki və psixi sağlamlığını, hər bir uşağın yaşını və fərdi xüsusiyyətlərini nəzərə alaraq emosional və hərtərəfli inkişafı, təlim və tərbiyəsinin səmərəliliyini optimal şəkildə həyata keçirmək üçün məsuliyyət daşıyır”.
 
 E.Qafarov deyib ki, sertifikasiya təhsilverənlərin peşə yararlığı, peşəkarlığını yoxlayan bir prosesdir və məktəbəqədər tədris müəssisələrində buna böyük ehtiyac var:
 “Çox güman ki, pedaqoji təhsili olmayan bağça müəllimləri növbəti ildən başlayacaq sertifikatlaşdırılmaya buraxılmayacaq. Onların əmək müqavilələrinə xitam verilməli və məktəbəqədər təhsil müəssisələrinə yalnız məktəbəqədər təhsil üzrə ali təhsil alan şəxslər cəlb olunmalıdır. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qeyd olunub ki, ümumi təhsil müəssisələrində təhsilverənlərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər də sertfikasiya prosesinə cəlb olunacaqlar".