Qeysəriyyə uşaqlarının sayı niyə artır?

Gənc xanımların böyük əksəriyyəti təbii doğuşdan qorxur

Savadlı, vicdanlı həkim təbii doğuşun ana və uşaq üçün daha yaxşı, daha müsbət olduğunu bilir və pasiyenti buna yönləndirir

  Pediatr Vaqif Qarayev qeysəriyyə əməliyyatında say artımından təəssüfləndiyini bildirib. Sosial şəbəkə üzərindən paylaşım edən həkim “Əməliyyatla dünyaya gələn uşaqların sayı artır. Dayanmadan artır, günbəgün artır. Bu uşaqların sağlamlığında problemlər olur. Birmənalı! Xüsusən, 38 həftədən tez götürülən uşaqlar problemli olur. Bunu analar da yaxşı bilir. Amma heç kim "romantikasına" son qoymaq istəmir. Körpə doğum tarixi “zerkalnı” olsun deyə, vaxtından əvvəl əməliyyat masasına uzanır, həkimə “əməliyyat elə”, göstərişi verirlər. Bunun qarşısını almaq olarmı? Bilmirəm”. Həqiqətən də son illərdə qeysəriyyə əməliyyatlarının sayı kəskin artıb. Kimisi həkimləri günahlandırır, kimisi anaları. Əsl səbəb isə tapılmır. Niyə qadınlarımız təbii doğuşdan imtina edir? Bu, sağlamlıq problemidir, dəbdir, qorxudur, məlumatsızlıqdır, axına qoşulmaqdır, nədir?
  Cərrah-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az"a açıqlamasında qeysəriyyə kəsiyi əməliyyatı üçün tibbi göstərişlərin vacib olduğunu dedi:
- Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyinə göstərişlər” adlı protokolu var. Bu protokolda qeysəriyyə əməliyyatına nə zaman, hansı hallarda zərurət yarana biləcəyi qeyd edilib. Əsas ana və körpənin həyatı üçün təhlükənin olmasıdır. Həkim hamilə qadının mövcud durumuna əsasən bu təhlükəni görür, bilirsə, qeysəriyyə əməliyyatı apara bilər. Əks halda, doğuş təbii üsulla olmalıdır. Savadlı, vicdanlı həkim təbii doğuşun ana və uşaq üçün daha yaxşı, daha müsbət olduğunu bilir və pasiyenti buna yönləndirir. Çalışır ki, qadının qorxusunu azaltsın, onu doğuşa hazırlasın. Savadlı həkim ana və körpədə hər hansı problem yoxdursa, qeysəriyyə əməliyyatı etmir. Amma bu da danılmazdır ki, özləri əməliyyat olunmaq istəyən qadınlar da var, pasiyenti zərurət olmadığı halda əməliyyata təhrik edən həkimlər də. Hesab edirəm ki, bu məsələdə xanımlarımız ciddi şəkildə maariflənməlidirlər. Gənc xanımların böyük əksəriyyəti təbii doğuşdan qorxur. Bu qorxu vaginizm xəstəliyinə bağlıdır. Bu xəstəlik psixoloji faktordur və ginekoloji problemlə əlaqədardır. Qızlar evliliyə qədər olan yeniyetməlik dönəmində müəyyən qorxu yaşayırlar. Buna səbəb olan əsas amil isə anaların uşaq vaxtında övladlarına bədənləri haqqında ətraflı və düzgün məlumat verməməsi, məktəblərdə psixoloqların qızlar və oğlanlarla ayrılıqda söhbətlər aparmamasıdır. Yeniyetməlik dövründə adi görünsə də, bu durum evlilik zamanı böyük problemlərə, hətta fəsadlara gətirib çıxarır. Vaginizm elə xəstəlikdir ki, xanımlar hətta cinsi əlaqədən də qorxurlar, nəinki təbii doğuşdan.
  F.Hüseynzadə qeyd etdi ki, hamiləliyin gedişatının dəqiq izlənilməsi körpənin sağlam doğulması, ananın da sağlamlığının qorunması üçün vacib şərtdir:
- Biz həkimlər xanımlarımıza tibbi-ginekoloji müayinələrdən yayınmamağı daim məsləhət görürük. Sağlam övlad, sağlam nəsil qadın sağlamlığından birbaşa asılıdır. Sağlam qadın sağlam övlad dünyaya gətirəcək, gələcəyimiz sağlam olacaq. Hazırda ölkədə icbari tibbi sığorta tətbiq olunur, xanımlar rahatlıqla hər cür müayinələrdən keçə bilər. Müasir USM cihazları dölün inkişaf etaplarını dəqiq görüntüləyir. Bununla hamiləliyin daha erkən mərhələlərində dölün fizioloji və patoloji inkişafının gedişatını müəyyən etmək mümkündür. Ana bətnində dölün ürək döyüntüləri izlənir, həmçinin bətndaxili oksigen çatışmazlığını (hipoksiya) və uşaqlığın tonusu qiymətləndirilir. Bu müayinələr dölün sağlamlığı haqqında ətraflı məlumat almağa imkan verir, nəticədə həkim ananın və doğulacaq körpənin nə dərəcədə sağlam olması haqqında daha aydın informasiyaya malik olur. Bizim gənc analardan daim tələbimiz budur ki, vaxtlı-vaxtında müayinədən keçsinlər, həkimin təyin etdiyi analizləri versinlər, təyin edilən vaxtda ultrasəs müayinəsindən keçsinlər. Patalogiyalı hamiləlik keçirmiş qadınlar doğuş zamanı çətinliklə qarşılaşırlar, həyatları təhlükə altına düşür, özlərinin də, körpənin də. Məsələn, əsas risk faktorlarından biri preeklampsiyasıdır. Bu, hamiləliyin 20-ci həftəsindən sonra baş verən və adətən, qan təzyiqinin qalxması (hipertoniya) və sidikdə zülalın çoxalması ilə müşayiət olunan vəziyyətdir. 18 yaşdan aşağı və 35 yaşdan yuxarı olan hamilə xanımlar, piylənmədən əziyyət çəkənlər, yaxın qohumlarında preeklampsiya olanlar, çoxdöllü hamiləlik keçirənlər, bəzi ekstragenital xəstəlikləri - ürək-damar sistemi xəstəlikləri, böyrək xəstəlikləri, hipertoniya, şəkərli diabet olanlar üçün də hamiləlik və doğuş təhlükəlidir. Bu cür hallar sonradan ciddi fəsadlara gətirib çıxarmasın deyə, müayinə olunmaq və düzgün müalicə almaq lazımdır. Bəzən xanımlarımız patalogiyalı hamiləlik keçirdiklərini heç bilmirlər. Tibb elminin bu qədər inkişaf etdiyi, informasiyaların bunca bolluğu olan bir şəraitdə hamiləlik zamanı problemləri sadəcə hamiləliklə bağlayıb, “keçib gedəcək”, deyənlər də var. Amma heç bir patalogiya iz buraxmadan keçib getmir, ananın da həyatına təhlükə yaranır, körpənin də.