“Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir”
10 noyabr Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən “Yeni Müsavat” qəzetinin yaranma günüdür. Qəzetin ilk sayı 1989-cu ildə dərc olunub. Bu il "Yeni Müsavat"ın yaranmasının 35 illik yubileyidir. 35 ildir fasiləsiz nəşr olunan nüfuzlu nəşrin qurucusu indiki baş redaktor və “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğludur. “Yeni Müsavat” qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. “Yeni Müsavat” Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir. Media qrupun nəzdində "musavat.com", "minval.az" (rus), "minval.info", "tr.minval.az" (anadolu türkcəsi) portalları fəaliyyət göstərir. Dövriyyəsinə, tirajına və əhatəsinə görə "Yeni Müsavat" Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır.
Qəzetin baş redaktoru Rauf Arifoğlu "Yeni Müsavat"ın 35 illiyi ilə bağlı feysbuk səhifəsində bu paylaşımı edib: "O ağ-qara, “samizdat” üsulu ilə çıxan ilk nömrəmiz var ha... O, bizim üçün ən dəyərli, ən qiymətli fotodur! İndi baxdığınız PDF real sayımızın inikası deyil - yubiley paylaşımları üçün hazırlanmış açıqcalardan biridir. Oradakı başlıqlar da illər boyunca getmiş məqalələrdən seçilib. 35-ci yaş günümüzü qeyd edirik. Zəfər gününün işığında, COP29-un astanasında! 10 noyabr 1989-cu ildə ilk nömrəsi işıq üzü görən “Yeni Müsavat” qəzetini bu günə qədər gətirib çıxara bildik. Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir.
Azərbaycanımız nə yaşadısa, biz də onu yaşadıq. Həm də yazdıq. Salnaməçi olduq. Geriyə baxanda qürur və şərəf duyuruq. Günümüzə - indiyə baxanda gələcəyimizə ümid duyuruq. Və şükür edirik. Gözəldir, gəldiyimiz bu nöqtə! Qədrini bilək.
Bunu sizə 35 yaşlı bir qəzetin qurucu yazarı olaraq, həyatın hər üzünü görmüş soydaşınız olaraq deyirəm. Məğlubiyyət acıdır, pisdir. Yaşadıq, yazdıq, əzildik, kiçildik, əzab çəkdik! Zəfər, qələbə gözəldir! Həm də bunun milli olanı lap möhtəşəmdir. Yaşayırıq, yazırıq, dirçəlirik, böyüyürük! Allah Azərbaycanımızı və onun içində də biz qəzetçiləri, Sözün əsgərlərini qorusun! “Yeni Müsavat” qəzetinin yubileyi qutlu, mübarək olsun!".
PS. "Şərq" qəzeti olaraq "Yeni Müsavat"ın rəhbərliyini və bütün kollektivi 35 illik yubiley münasibəti ilə təbrik edir, qəzetə yeni-yeni uğurlar, davamlı müvəffəqiyyətlər arzulayırıq.