Füzuli şəhərində 8 Noyabr Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib.
APA-nın yerli bürosu xəbər verir ki, konsert tədbirində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov, nümayəndəliyin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları Füzuli şəhər sakinləri iştirak edib.
Öncə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov qələbə münasibəti ilə hər kəsi təbrik edib. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində azad edilən ərazilərdə həyat yenidən canlanıb və sakinlər öz doğma yurdlarına qovuşmağın sevincini yaşayıb. Diqqətə çatdırıb ki, suverenliyi və ərazi bütövlüyü bərpa olunan Azərbaycanın əzəli torpaqlarında şanlı bayrağımız dalğalanır və Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətdir. Tədbirin rəsmi hissəsi bitdikdən sonra konsert proqramı başlayıb. Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin kollektivinin və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin çıxışları izlənilib. Vətənpərvər ruhda mahnılar səsləndirilib, rəqs nümunələri izlənilib. Konsert proqramı tədbir iştirakçılarında əsl Zəfər bayramı əhval-ruhiyyəsi yaradıb.