Türkiyə alimləri Azərbaycan "Türk Ocağı"nda olub- FOTO


Türkiyənin tanınmış elm adamları, araşdırmaçı-alimləri Azərbaycan "Türk Ocağı"nı ziyarət ediblər. Ocağın budəfəki dəyərli qonaqları görkəmli ədəbiyyatşünas alim, Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpınar, Pamukkale Universitetinin müəllimi, dosent Orhan Baldane, Egey Universitetinin xarici əlaqələr bölməsinin rəhbəri, dosent Yılmaz Özkaya və Bandırma Onyedi Eylül Üniversitesinin dosenti Ümit Akın olub. 


 
Qonaqları məmnunluqla qarşılayan Azərbaycan "Türk Ocağı"nın başqanı Akif Aşırlı alimlərə Azərbaycan-Türkiyə əlaqələri, Azərbaycan "Türk Ocağı"nın tarixindən, yenidən təsis olunmasından və gördüyü işlərdən bəhs edib. Alimlər də Türk Ocağı haqqında öz təəssüratlarını bölüşüblər. 
Görkəmli alim, ədəbiyyatşünas Yavuz Akpınar bildirib ki, təşkilat həqiqətən həm Türkiyədə, həm də Azərbaycanda öz imkanları hesabına önəmli missiyanı həyata keçirir. 

 
Y.Akpınar Azərbaycan "Türk Ocağı" haqqında fikirlərini belə çatdırıb:

"Azərbaycan "Türk Ocağı"nın yenidən təsis olunması sevindiricidir. Ocağın 1918-20-ci illəri əhatə edən fəaliyyətindən xəbərdarıq. Ancaq ictimaiyyətə məlum olan bilgilər çox azdır. Son dövrlərdə bununla bağlı müəyyən işlər görülüb, məqalələr yazılıb. "Bir millət, iki dövlət" düsturunu əsas götürsək, bu sahədə ciddi araşdırmalara ehtiyac var. İşimizi həmin şüara layiq şəkildə görməliyik. Azərbaycan "Türk Ocağı" sadəcə iki qardaş ölkə və xalq arasında deyil, türk dünyası arasın əlaqələrin daha da dərinləşməsi üçün müstəsna fəaliyyət sərgiləyən tarixi qurumdur". 
Pamukkale Universitetinin müəllimi, dosent, eyni zamanda Denizli Türk Ocaqları İdarə Heyətinin üzvü Orhan Baldane də təşkilat haqqında fikirlərini bölüşüb Azərbaycan "Türk Ocağı"nın fəaliyyətindən məmnunluğunu bildirib.