İranlı qadınlar ölkədə qüvvəyə minən yeni əxlaq qanunlarına qarşı çıxsalar, ölüm cəzası ilə üzləşə bilərlər. Çılpaqlığı, örtünməməyi və ya uyğun olmayan geyimi “təşviq edən”lər üçün ölüm cəzası, uzunmüddətli həbs cəzaları və böyük cərimələr qüvvəyə minir. Hakimiyyət tərəfindən davranışı "yer üzündə fitnə-fəsad yaymaq" kimi qiymətləndirilən şəxslər İran İslam Cinayət Məcəlləsinə əsasən ölüm cəzasına məhkum edilə bilər. Yeni qanun İran hüquq qrupları və fəallarının tənqidinə səbəb olub.
“Şərq” xəbər verir ki, İranın bu həftə qüvvəyə minməsi gözlənilən yeni məcburi əxlaq qanunlarına əməl etməyən qadınları ölüm cəzası və ya 15 ilə qədər həbs cəzası gözləyir.
İnsan haqları qrupu bildirib ki, qanun həmçinin "dini vəzifələrini" yerinə yetirmək istəyən hər kəsə toxunulmazlıq təmin edir və qadınlara məcburi örtünmə tətbiq edir. İranlı jurnalistlər, fəallar, din xadimləri və insan haqları vəkilləri bu qanunun ölkədə qadınlara qarşı artan məhdudiyyətləri qanuniləşdirəcəyini iddia edərək qəzəblərini ifadə ediblər.