Nəbi Xəzri poeziyamıza özüylə təzə nəğmələr gətirdi

Nəbi Xəzri poeziyası Azərbaycan şeirinə xəzri nəfəsi gətirən, zamanın sınaqlarından şərəflə çıxan, Azərbaycan ədəbiyyatında milliliyi və onun qədir-qiymətini uca tutan, özünə milyonlarla, saysız-hesabsız oxucu kütləsi qazandıran bir poeziyadır.

Çalış, Nəbi, gecə-gündüz yarat sən,
Bəd sözləri üz sinəndən yar, at, sən.
İnci seçib, dürr toplayıb yaratsan,
Səndən eldə bir nişanə qalar söz.
 
Nəbi Xəzri ədəbiyyatımıza, söz sənətimizə qiymətli töhfələr vermiş, öz yaradıcılığı ilə poeziyamızın ən yüksək zirvəsində dayanıb. İlk şeir kitabı "Çiçəklənən arzular” 1950-ci ildə çapdan çıxıb. Daha sonra “Bakının səhəri”, “Salxım söyüdlər”, “Vətən və qürbət”, “Qızımın nəğmələri”, “Kim məni xatırlasa”, “Dəniz, göy, məhəbbət”, “Arzu”, “İllər və sahillər”, “Dərələr”, “Son illərin sətirləri”, “Şeir mənim üçün bir kainatdır”, “Qəm dəftəri”, “Peyğəmbər” və bir çox başqa kitablarını oxucuların ixtiyarına verib. "Təmiz ürək”, “Sən laylay deyəndə”, “Qara dəniz nəğməsi”, “Günəşdə ləkə”, “Kiçik təpə” və s. poemaların da müəllifidir.
Nəbi Xəzri tərcüməçiliklə də məşğul olub. M.Lermantov, D.Quralenşvili, A.Tvardovski, Ə.Şükuhi və başqa şairlərin şeirlərini tərcümə edib. Onun bir çox kitabları xarici ölkə ədəbiyyatında, müxtəlif dillərdə çap olunub.
Nəbi Xəzri yaradıcılığı bütün Azərbaycan xalqını, eləcə də bütün dünya xalqlarını əhatə edir. Ana torpağa bütün varlığı ilə bağlı olan şair, öz fikir dünyası ilə zəngin bir xəzinəyə malikdir.

Şeir mənim üçün bir kainatdır,  
Onun ulduzları, günəşləri var…
Şeir mənim üçün sirli həyatdır
Onun öz sevinci, öz kədəri var.
Nə qədər qol-qanad açsa da ilham,
Mən yerin cazibə qüvvəsindəyəm.

Nəbi Xəzri zamanın nəbzini tutan, bütün ictimai-siyasi hadisələri poetikləşdirməyi bacaran sənətkar olub. Elinə-obasına bütün varlığı ilə bağlı olan şair ürəyinin harayını misralarında dilə gətirib. Necə ki, şairin misralarında olduğu kimi:

Ey, əziz Anam Azərbaycan,
Sənə bağlıyam Azərbaycan,
Ömrümün mənasısan, qardaşlıq dünyasısan Azərbaycan!
Anamın Anasısan Azərbaycan!
Nəbi müəllim uzun illər Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olduğu üçün vətəndən kənarda da yaxşı tanınıb. Onun fəaliyyəti zamanı bir çox ölkələrlə mədəni əlaqələr qurulub və bunun müqabilində xarici dövlətlərdə Azərbaycan mədəniyyəti günləri keçirilib. Böyük bir kollektivlə bu səfərlərdə iştirak edilirdi. Nəbi Xəzri dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini təbliğ edib. Hətta Nəbi müəllimin müsahibələrinin birində dediyi fikirləri nəzərdən keçirərdik. “Yaponiyada, Çində, ərəb və Afrika ölkələrində mədəniyyət günlərini tez-tez təşkil edirdik. Görüşlərimiz təqdirəlayiqdir, bu mənada ki, cəmiyyət bütün dünya ölkələrində mədəniyyət günləri keçirərək Azərbaycan xalqını təmsil edirdi. Hələ sovetlər birliyində yaşadığımız dövrdə İsveçdə səfərdə olduğumuz vaxt zalda çıxış edirdim. Biz rus dilində çıxış edirdik, sonra isə tərcümə olunurdu. Elə bu zaman qəribə bir səs yayıldı və bu, səsimizin eşidilməsinə mane oldu. Lakin buna baxmayaraq, çıxışımı sona qədər davam etdirdim. Tənəffüs zamanı 3-4 nəfər azərbaycanlı bizə yanaşaraq “Nəbi müəllim narahat olmayın, biz hazır gəlmişik, səs salan ermənilər idi, onları boğazlarından tutub bayıra atdıq” - dedilər”.
Dostları nə deyir?

Xalq şairi Qabil:  - Mən söz sənətimizin canlı klassiklərindən olan N.Xəzri ilə bir ədəbi nəslə mənsubam. Nəbi familiyasını doğmalarına bağışlayıb özünə Xəzri təxəllüsü götürdü. O, əsl nəğməkar şair, gözəl nasir, eyni zamanda tanınmış dramaturqdur. Tərcümələri də çox məşhurdur”.

“Əzizim Nəbi!”
Sənin şeirlərini oxuyanda hiss edirsən, həm də inanırsan ki, poeziya səni yüksək, gözəl, işıqlı, çatılması mümkün olan arzu və ümidlərlə dolu bir aləmə çağırır. Bu şeirlərdə ahəngdarlıq, ürəkaçıqlığı, vüsətli fəza və əzəli gözəllik hiss edirəm. Həqiqətən poeziyanın hörmət və ləyaqətini qaldıran birisisən. Çox sağ ol ki, xalqımızın başını uca tutdun”.
Məmməd Arif.

 “Bir dəfə Yazıçılar İttifaqının Natəvan klubunda Səməd Vurğun bizimlə salamlaşdıqdan sonra Nəbinin əlini sıxıb dedi; Sənin “O cavanın yaylığı” şeirini maraqla oxudum, sən məndən yaxşı yazırsan”. Nəbi isə bu tərifdən sanki qorxaraq həyəcanlandı, gülümsünüb nəzakətlə dedi: Sağ olun, siz məni həddən artıq təriflədiniz”. S.Vurğun mənim dirsəyimdən tutub dedi: - Bu oğlan yaxşı şair olacaq”. Nəbi Azərbaycanın səfalı yerlərini, uca çinarlarını, əfsanəvi Göy-gölünü, yaşıl meşələri, ürəkaçan füsunkar çaylarını özünəməxsus əsrarəngiz  bir dildə tərənnüm edir. O, doğma Xəzərə elə vurulub ki, özünə Xəzri təxəllüsü verib. Nəbi Xəzri poeziyada olduğu kimi, həyatda da vətəndaşlığı, insanlıq borcunu yüksəkdə tutur, bunları müqəddəs sayır. Dostluqda sədaqətlidir, möhkəmdir, “mən filankəsə kömək etdim”, “Ona arxa oldum” kimi sözləri heç vaxt dilinə gətirməyib. Bir sözlə, mənəvi saflıq kökləri Nəbi Xəzrini, onun sönməz poeziyasını daim ucaldır, yüksək zirvələrə qaldırır. O, ucalıq eşqilə yaşayır və yazır;
Sən günəş,
Mən səndən
Nur alan Ayam.
Sən bir səs, mən isə
əks-sədayam.
Zirvəsən,
Zirvəyə qalxan cığıram,
Ucalıq eşqilə, dağa çıxıram.

Süleyman Vəliyev.
 
Xalq şairəmiz Mirvarid Dilbazi -“İnsanın həyatında daha yaxın bir dost var ki, o da ömür-gün yoldaşıdır. Nəbi Xəzrinin “Bir həftədə ağaran saçlar” şeiri də şairin humanizmindən yaranıb. Şair anasına, bacısına, bu adı daşıyanlara bəslədiyi həssas, yüksək insani duyğuları öz uşaqlarının anası olan qadına da bəsləyir. Bu şeiri oxuyan oxucunun sevinci ikiqat olur. Birinci ona görə ki, şairin ömür-gün yoldaşı ismətli, sədaqətli, fədakar həyat yoldaşı olub. Demək, şairin arxa cəbhəsi möhkəmdir. İnsanda bu keyfiyyətlər də istedad kimi taleyin bəxşişidir. Bu keyfiyyətləri görüb qiymətləndirən kişi təbiətindəki həssaslıqla da oxucunu və bütün qadınları sevindirir. Düşünürsən ki, bu mürəkkəb əsrimizdə yaxşı hörmət, məhəbbət zəminində qurulmuş ailə var. Şair inam dolu sabahımızı qələmə alanda da müasirdir. Çünki o, vətəndaşdır. Ona görə də vətəndaşlıq poeziyasının bayrağını uca tutur. O,ənənəvi olduğu qədər novator, novator olduğu qədər ənənəvidir. Nəbi Xəzriyə bəslənən böyük xalq məhəbbətinin “Sirri”də məncə bundadır”.
“Hərdən öz-özümdən soruşuram: Bakıdan, Azərbaycandan, Moskvadan… çox-çox uza bir diyarda mənə qəfildən Nəbi Xəzri poeziyası haqqında sual versələr, yazmağı, söz deməyi xahiş etsələr, nə deyə bilərəm? O yerdə ki, Nəbi Xəzri şeirindən yaxşı xəbərdardırlar və ya bu gözəl poeziya haqqında çox az şey bilirlər. Özüm öz sualıma dərhal cavab verirəm: çox şey deyə bilərəm. Əvvəlcə şairin gözəl misraları səslənəcək dilimdə, sonra şirin xatirələr dillənəcək. Nəbi Xəzri poeziyası, Nəbi Xəzri şəxsiyyəti barədə təsəvvürü olmayan dinləyicilər də maraqla qulaq asacaqlar bu söhbətə. Deyərdim ki, Nəbi Xəzri xalq içindən çıxmış, xalq yaradıcılığı çeşməsindən su içmiş bir sənətkardır. Onun heç kəsə oxşamayan təkrarolunmaz şair taleyi, yaradıcılıq tərcümeyi-halı var. Poeziyası Azərbaycan vəsiqəli, Azərbaycan pasportlu, Azərbaycan ünvanlı bir poeziyadır. O bizim yurdumuzun böyük keçmişini, qüdrətli bir gününü, daha işıqlı bir gələcəyini qələmə alır, harda olursa-olsun, hansı uzun eli dolaşırsa-dolaşsın, ruhən, mənən bu torpaqladır: dünyanın hansı cənnət guşəsini gəzirsə-gəzsin, ora Azərbaycanın gözü ilə baxır, onu Azərbaycanın adı ilə bağlayır.
Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım,
Gözlərim görməsə Göy-gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə sənsən gümanım,
Canım-gözüm mənim-Azərbaycanım.

Əgər məndən soruşsaydılar, deyərdim ki, onun poeziyası inam poeziyasıdır, sətirlərində, misralarında, fikirlərində bir aydınlıq, bir həzinlik, bir büllurluq var. Çünki sənətkarın yolu aydındır, öz dəsti-xətti aydındır.”
Xalq şairi Cabir Novruz: “Xəzri azərbaycanlıların anlayışında qızmar, günəşli odlar diyarına sərinlik gətirib, boğanaq havanı təmizləyən güclü xəzər küləyidir. Mənə elə gəlir ki, bu ad şairin meyillərini, daxili həyəcan və duyğularını obrazlı ifadə edən ən düzgün addır. O, şeirimizə təzə külək kimi əsib gəldi və özüylə təzə nəğmələr gətirdi”.
Əhməd Cəmil, 1973-cü il.
 
 Gənc yaşlarından şeirə, sənətə bağlanan, xalqımızın hiss və həyəcanını öz şeirlərində lirik bir dillə ifadə edən Nəbi Xəzri adı iftixarla çəkilir. Bu poeziya öz qidasını doğma Azərbaycan xalqının əzəmətindən, vüqarından alıb. Nəbi Xəzri lirikası xəlqilik, vətən torpağının tərənnümü, təbiət təsviri, insanın insana məhəbbəti, humanizm, daha nələr-nələr cəhətdən ucalıqdan baxılan bir poeziyadır.
Zəngin mənəvi xəzinə olan S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində xalqımızın iki əsr (bəlkə də çox) ədəbiyyat və mədəniyyət xadimlərinin tarixini əks etdirən sənədlər arasında Nəbi Xəzrinin şəxsi sənədləri 83№-li fond altında 5000-dən çox sənəd, 3 siyahı, 272 saxlama vahidi  olaraq qorunub saxlanılır. Sənədlər ilk dəfə 1966-cı ildə Arxivə şairin özü tərəfindən təqdim edilib. Sonralar sənədlərin zənginləşdirilməsində Arzu Babayevin (oğlu) rolu böyük olub. Həm xidməti, həm də şəxsi fond sənədləri (əlyazmalar, məktub və teleqramlar, tərcümeyi-hal sənədləri, təsviri sənədlər və s.) öz zənginliyi ilə seçilir.
2024-cü il dekabın 10-u xalq şairi, Dövlət mükafatı laureatı, ictimai xadim Nəbi Xəzrinin 100 (yüz) yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.09.2024-cü il tarixli sərəncamına əsasən 100 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Bu yubileyin keçirilməsi dəyərli söz ustadına, onun  səmərəli fəaliyyətinə verilən layiqli töhfədir.
 
 Könül Nəsibova