Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür - ŞƏRH

Papikyanın ABŞ-dən sonra Fransaya səfər etməsi məsələnin kifayət qədər ciddiliyindən xəbər verir


Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfəri çərçivəsində E.Makronun hərbi müşaviri, hərbi kabinetin rəhbəri, ordu generalı Fabien Mandon ilə görüşüb. Görüşdə Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Arman Xaçatryan da iştirak edib. Regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub. Tərəflər bu məsələlərlə bağlı öz yanaşmalarını təqdim ediblər. 
Xatırladaq ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın əvvəlində ABŞ-də səfərdə olub. Papikyan Pentaqon rəhbəri Lloyd Ostinlə görüşüb. Bu görüş regionda kəskinləşən geosiyasi vəziyyət fonunda ABŞ-nin Ermənistanla əməkdaşlığı genişləndirmək istəyinin açıq ifadəsi kimi dəyərləndirilib. Ostin görüşü "tarixi hadisə" adlandıraraq, ABŞ-nin Ermənistanın müdafiə və təhlükəsizlik sektorlarını gücləndirməkdəki artan rolunu vurğulayıb. Görüş zamanı Ermənistan silahlı qüvvələrinin islahatı, təhlükəsizlik məsələləri və Vaşinqton-İrəvan əməkdaşlığının perspektivləri müzakirə olunub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Lloyd Ostin Ermənistanın suverenliyinə dəstəyi bir daha təsdiqləyib və Ermənistan ordusunun islahatlarına yardım etməyə hazır olduğunu bildirib. Pentaqon tərəfindən son iki il ərzində Ermənistana əhəmiyyətli dəstəyin göstərildiyi vurğulanıb. 
Görüş zamanı xüsusi diqqət ABŞ-nin Kanzas ştatının Milli Qvardiyasına yönəldilib. Ostin qeyd edib ki, "qurum Ermənistan ordusunun islahatlarına aktiv dəstək verir". Pentaqon rəhbəri Suren Papikyanın ABŞ-yə səfərini "ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm siqnal" hesab etdiyini bəyan edəndən sonra , "Ermənistan ordusunun islahatlarının gələcəyi, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh imkanları barədə müzakirələrə ümidini" ifadə edib. Ekspertlərin fikrincə, Ermənistan müdafiə nazirinin Qərbdə qapı-qapı dolaşması və hərbi əməkdaşlığı artırması Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olunmasına töhfə verən məqam sayıla bilməz. Bu cür təşəbbüslər regionun hərbiləşdirilməsi elementlərindən biri kimi qəbul olunur. 

Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan öz heyəti ilə birlikdə Fransadan öncə ABŞ-də səfərdə olmuşdu. Həmin vaxt yayılan məlumatlardan əsas diqqətçəkən məsələ Ermənistan ordusunun yeni uniforması ilə bağlı müzakirələr oldu. Partiya rəhbəri bildirib ki, bunun həm də məcazi mənası odur ki, bundan sonra Ermənistan ordusunu Qərb ölkələri geyindirəcək, yedizdirəcək
"Yəni erməni ordusunu öz istəklərinə, maraqlarına uyğun yetişdirəcəklər. Bu proses ABŞ Prezidenti Co Baydenin zamanında daha sürətlə gedib. ABŞ-nin hərbi müşavirləri, məsləhətçiləri Ermənistan ordusunun Baş Qərargahında fəaliyyət göstərirlər. Nəzərə almaq lazımdır ki, burada əsas məsələ Qərbin İrəvan üzərindən Cənubi Qafqazla bağlı öz planlarını icra etməkdir. Ermənistan müstəqil dövlət olmadığı, öz iradəsi ilə hərəkət etmədiyi üçün Qərb ölkələrindən təlimatlar alır. Təbii ki, Qərbin planlarından biri Ermənistanla bağlıdır. Ona görə də tez-tez erməni rəsmilərin ABŞ-yə, Fransaya səfərləri baş tutur. Onlara yeni tapşırıqlar verirlər". 
Siyasi şərhçi vurğulayıb ki, S.Papikyanın ABŞ-dən sonra Fransaya səfər etməsi məsələnin kifayət qədər ciddiliyindən xəbər verir: "Xüsusən, Suriyada baş verənlərdən, Əsəd rejiminin devrilməsindən sonra Qərbin yeni planının işə düşmə ehtimalı yüksəkdir. Görünür, Ermənistan üzərindən də bölgədə Rusiyaya qarşı hansısa əməliyyat planlaşdırılır. Əlbəttə, bunun alınıb-alınmayacağını zaman göstərəcək. Ancaq görünən odur ki, Qərb regionda lokal və ya genişmiqyaslı təxribatlar törətməyə hazırlıq görür. Ermənstan da Qərbin proksi qüvvəsi, aləti kimi öz işini görməkdədir. Azərbaycan bütün təxribat cəhdlərinə hazır olmalıdır. Əminəm ki, rəsmi Bakı baş verə biləcəklərin fərqindədir və zəruri addımlar atılmaqdadır. Ortada Türkiyə amili də var. İstənilən situasiyaya adekvat cavab veriləcəyinə şübhə etmirəm".