Hakkan Fidan: "Rejimdən qurtulan Suriya İŞİD və PKK-dan da təmizlənəcək"

"Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik"

Bu gün Şamda olmaqdan böyük məmnuniyyət hissi keçirirəm. Suriyalı qardaşlarıma Şamdan səslənmək mənim üçün bir şərəf vəsiləsidir. Çıxışımda 61 illik rejim tərəfindən qətlə yetirilən, son 14 illik azadlıq mübarizəsində şəhid olan bütün suriyalıları hörmətlə anmaq istəyirəm. 14 il boyunca sevinciniz sevincimiz, kədəriniz kədərimiz oldu. Qardaşlıq və qonşuluq hüququ bunu tələb edirdi. Bu gün Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik.

Sherg.az azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Şam şəhərində yeni Suriya hökumətinin qeyri-rəsmi lideri Əhməd Şara ilə mətbuata birgə açıqlamasında ifadə edib. Suriyanın bundan sonra bütün etnik, dini və məzhəb qruplarının daha xoşbəxt və sülh içində yaşayacağına ümidvar olduğunu vurğulayan Hakan Fidan ölkəsinin bundan sonra da suriyalıların yanında duracağını deyib.

“Suriyalıların ölkələrinə sahib çıxması ilə heç bir dini və ya etnik qrupun kənarda qalmadığı, əhatəli bir idarəetmə sistemi qurulmalıdır. Hər kəsin sülh içində yaşadığı və ədalətin hökm sürdüyü bir ölkə qurmaq yeni Suriyanın ən böyük uğuru və gələcəyinin zəmanəti olacaq. Bu məqsədləri həyata keçirmək üçün Suriyada dövlətin bütün imkanları ilə bərpa edilməsi vacibdir. Türkiyə olaraq dövlət qurumlarının yenidən qurulması və inkişafı sahəsindəki təcrübələrimizi paylaşmağa hazırıq”, - deyə o bildirib.

PKK/YPG-yə Suriyada yer olmadığını bir daha vurğulayan nazir qeyd edib ki, bu terror təşkilatları dərhal özünü ləğv etməlidir. Rejimin qaranlığından xilas olan Suriya İŞİD və PKK-dan da təmizlənəcək.