Zurabişvilinin mübarizəsi və təkrar seçki tələbinin uğursuzluğa düçar olacağı şübhəsizdir
Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan hakimiyyətinə yeni parlament seçkilərinin təyin edilməsi üçün bir həftə vaxt verib. O, Rustaveli prospektində keçirilən etiraz aksiyasında yeni seçkilərin tarixini müəyyən etmək üçün Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu deyib. “Sputnik Gürcüstan” ın məlumatına görə, Zurabişvili bununla bağlı videomüraciət yayacağını qeyd edib.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı bəyanatına cavabında prezidentin tələbinin legitim olmadığını deyib. Nazirin sözlərinə görə, Gürcüstan Prezidenti tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya baxır: “Onun istəyinin heç bir legitimliyi ola bilməz, şübhəsiz ki, yeni seçkilər üçün heç bir əsas yoxdur. Onun Gürcüstanın maraqlarına zidd olan əməllərinə gəldikdə isə onun üçün nə konstitusiyanın, qanunun, ümumiyyətlə, hər hansı qaydaların əhəmiyyəti yoxdur. Prezident Salome Zurabişvili yeni parlament seçkilərinin təyin olunması ideyasını yenidən irəli sürərsə, həbs oluna bilər”.
Bunu isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Hökumət başçısı bildirib ki, S.Zurabişvili parlament seçkiləri təyin etmək niyyəti ilə müxalifət və QHT nümayəndələri ilə görüşüb. Onun bu təşəbbüsü Gürcüstan qanunlarının kobud şəkildə pozulması deməkdir və cinayət məsuliyyəti yaradır.
Baş nazirin sözlərinə görə, Gürcüstan qanunvericiliyinə görə parlament seçkiləri üç halda təyin edilə bilər. Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, parlamentin dördillik səlahiyyət müddəti başa çatdıqda və parlament hökumətə etimad göstərmədiyi halda təkrar parlament seçkiləri keçirilə bilər.
İ.Kobaxidze deyib ki, əgər prezident buna baxmayaraq, başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.
Gürcüstan parlamentində “Xalqın Gücü” Partiyasının deputatı Eka Sepaşvili də Salome Zurabişvilinin Gürcüstanda dekabrın 29-dək növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı bəyanatını tənqid edib.
O iddia edib ki, Salome Zurabişviliyə xaricdən növbədənkənar seçkilər təyin etmək göstərişi verilib, amma onun bu cəhdi baş tutmayacaq: “Zurabişvili real deyil, paralel bir dünyada yaşayır. Görünür, o, xaricdən ciddi göstəriş alıb ki, növbədənkənar seçkilər təyin etsin və bu istiqamətdə çalışır. Lakin onun bu cəhdi baş tutmayacaq. Təəssüf ki, Gürcüstan tarixində ilk dəfədir ki, Konstitusiyanı pozan, qanunlara tabe olmayan və xalqın iradəsini nəzərə almayan belə bir prezidentimiz var. O, xarici aktorların tapşırıqlarını öz ölkəsinin maraqlarından üstün tutur”. Onun sözlərinə görə, Zurabişvilinin bəyanatlarını kimsə ciddi qəbul etmir. Açıqlamaları heç bir hüquqi və siyasi reallığa əsaslanmır. O, konstitusiyanı bir kənara ataraq, öz şəxsi maraqlarını üstün tutur.
Qonşu ölkədə baş verən prosesləri, prezidentlə hökumət arasındakı siyasi gərginliyi şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Gürcüstanda təkrar və ya yeni seçkilərin keçirilməsi üçün heç bir əsas yoxdur. O, “Sherg.az”a açıqlamasında qeyd edib ki, beynəlxalq təşkilatların rəyləri də belə deməyə əsas verir:
“Gürcü müxalifətinin və Prezident Salome Zurabişvilini etirazlarına baxmayaraq, “Gürcü arzusu” Partiyası öz hakimiyyətini qoruyur və proseslərə nəzarəti əlində saxlaya bilir. Xanım Zurabişvilinin xaricdən, xüsusən də Fransadan təlimat alır. Kollektiv Qərbin məqsədi Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaq və Qərbmeyilli yeni bir hökumət formalaşdırmaqdan ibarədir. Lakin o "qatar çoxdan gedib”. Prezident Salome Zurabişvilinin bir həftəlik vaxt ultimatumuna rəğmən hökumət yenidən parlament seçkisi keçirməyəcək. Onsuz da bir neçə gündən sonra Zurabişvilinin də fəaliyyət müddəti bitir və bu postda onu “Gürcü arzusu”nun dəstəklədiyi yeni Prezident Mixail Kavelaşvili əvəz edəcək. Odur ki, Zurabişvili yenidən bu cür iddialar irəli sürsə, hökumətin onu həbs etməsi istisna deyil”.
Son günlər “Gürcü arzusu” ilə Avropa İttifaqı arasında danışıqların getdiyini və münasibətlərin düzəlməyə doğru getdiyini vurğulayan politoloq deyib ki, hökumətin gələcəkdə “Xarici agentlər haqqında” qanuna dəyişiklik edəcəyi də gözləniləndir: “Qərblə Gürcüstan hökuməti arasında sular durulmağa başladığı üçün Zurabişvilinin mübarizəsi və təkrar seçki tələbinin uğursuzluğa düçar olacağı şübhəsizdir. Qeyd etdiyim kimi, 29 dekabrdan sonra Salome Zurabişvili de-yure Gürcüstan Prezidenti də olmayacaq”.