Türkiyədə DEM Partiyasının Abdullah Öcalanla görüşündə iştirak edən nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub.
Pərvin Buldan, Əhməd Türk və Sırrı Süreyya Öndərdən ibarət heyət TBMM sədri Numan Qurtulmuşla görüşüb.Görüşdən sonra açıqlama verən Öndər Qurtulmuşu İmralı görüşü barədə məlumatlandırdıqlarını açıqlayıb:
“Təkliflərini dinlədik. Ümumi qiymətləndirmə apardıq. Bu görüş cənab Baxçalı (MHP sədri) ilə davam edəcək. Düşünürəm ki, bazar ertəsi Cümhuriyyət Xalq Partiyası, AKP və TBMM-də təmsil olunan bütün partiyaları ziyarət edəcəyik. Nümayəndə heyəti olaraq bütün səfərlərdən sonra geniş açıqlama verəcəyik. Bugünki görüş yaxşı keçdi, ümidliyik”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Elşad Həsənov bildirib ki, Abdullah Öcalan uzun illərdir İmralı adasında həbsdə saxlanılır:
"O, PKK terror təşkilatına rəhbərlik edərək Türkiyədə çoxsaylı insan tələfatına və faciələrə səbəb olub. Lakin zamanla həm PKK-çılar, həm də sivil kürtlər Türkiyəni öz vətəni kimi qəbul etməyə başladı. İnsanlar başa düşürlər ki, Türkiyədə müstəqil "Kürdüstan Respublikası" qurmaq arzusu reallıqla uyğun gəlmir. Son dövrlərdə müxtəlif siyasi partiya nümayəndələrinin İmralıda Abdullah Öcalanla görüşləri də bu anlayışın formalaşmasına təsir edib. Öcalan həmin görüşlərdə terror fəaliyyətlərinin dayandırılmasının vacibliyini vurğulayıb. Türkiyə dövləti isə həm daxildə, həm də xaricdə PKK-ya qarşı təsirli mübarizə aparır. Təşkilat daxildə demək olar ki, tamamilə tükənib. Qalan tərəfdarları isə əsasən İraq və Suriya kimi bölgələrdə gizlənir. Türkiyə ordusu və təhlükəsizlik qüvvələri bu xarici qüvvələrə qarşı da qətiyyətli əməliyyatlar həyata keçirir. Türkiyə yalnız terrora qarşı mübarizə ilə deyil, həmçinin iqtisadi və hərbi sahələrdə əldə etdiyi uğurlarla diqqət mərkəzindədir. Yerli istehsal olan pilotsuz uçuş aparatları (PUA) ilə ölkə hərbi texnologiyalar sahəsində mühüm irəliləyişlər əldə edib. Bu PUA-lar İkinci Qarabağ Müharibəsində müttəfiqi Azərbaycan tərəfindən uğurla istifadə edilib və mühüm strateji üstünlük təmin edib. Eyni zamanda, Türkiyə öz güclənən mövqeyi ilə beynəlxalq arenada vacib bir gücə çevrilib".
Ekspert əlavə edib ki, Abdullah Öcalanla keçilən görüşlər və aparılan danışıqlar Türkiyədə barışa və sülhə zəmin yarada bilər.
"PKK-nın silahlı mübarizəni dayandırmasından sonra ölkədə milli barışın bərqərar olması gözlənilir. Bu prosesin uğurla başa çatması halında Öcalanın cəzası ilə bağlı müəyyən müzakirələr açılması da istisna edilmir. Bu isə ölkədə sülh mühitini daha da gücləndirə bilər. Bir daha qeyd edirəm ki,Bu gün Türkiyədə yaşayan kürdlərin böyük əksəriyyəti ölkəni öz vətəni kimi qəbul edir. Onlar türklərlə birgəyaşayışın vacibliyini dərk edərək bu birliyin əhəmiyyətini vurğulayırlar. Hesab edirəm ki, bu həmrəylik daha da güclənərsə, Türkiyə, daha güclü və inkişaf etmiş bir dövlət olaraq beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirə bilər".