Ukraynanın hücuma keçməsi Rusiyanın Donbassda irəliləyişlərinə cavabdır
Ukrayna müdafiə qüvvələri Kursk bölgəsində bir neçə istiqamətdə əks-hücuma keçib.
Bu barədə Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko özünün teleqram səhifəsində bildirib.
Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak da teleqram səhifəsində Ukrayna qüvvələrinin Rusiya ərazisindəki uğurlarından yazıb.
“Kursk bölgəsindən yaxşı xəbər, Rusiya layiq olduğu cavabı alır”, - deyə Yermak əlavə edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Sherg.az”a açıqlamasına görə, Ukraynanın Kursk istiqamətində yenidən qəfil əks-həmləsinin iki məqsədi var: “Birinci məqsəd haqqında çox danışılan masada əlin gücləndirilməsidir. Yəni əgər Ağ Evin yeni sahibi Donald Tramp Rusiya ilə Ukraynanı zorla masada oturmağa məcbur edəcəksə, Kiyev Kursk ərazisində yeni həmlə ilə mümkün danışıqlarda əlini gücləndirmək istəyir. Eləcə də Rusiya Ukraynanın şərqində işğal ərazisini genişləndirməyə çalışmaqla eyni məqsədi güdür. Kiyevin Kursk istiqamətində mövqelərini möhkəmləndirməsinin ikinci məqsədi də var. Ukrayna Prezidenti Volodimir Zelenski yeni əks-həmlə ilə Ağ Evdə yerləşməyə hazırlaşan Donald Trampa təxminən bu səpkili mesaj göndərib: “Ukraynanın ərazi itkisi hesabına masada oturdulması sizə çətin olacaq. Ukrayna zəif deyil, Rusiya ərazisindəki nəzarət zonasını genişləndirmək imkanımız var, bunu nəzərə almalısınız. Bizə yardımı dayandırsaz belə, işğalla barışan deyilik”.
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ukraynanın Kurskda hücuma keçməsi əsasən Rusiyanın Donbassda irəliləyişlərinə cavabdır:
“Rusiya Ukraynanın Kurskda müdafiə mövqeyində dayanacağını və Şimali Koreya hərbiçilərini də bu regionda yerləşdirdiyi üçün hücuma keçməyəcəyindən arxayın idi. Əsas diqqəti Donbassda yeni ərazilər işğal etməklə mövqeyini möhkəmləndirməkdir. Amma Ukrayna ABŞ-nin müasir silah sistemləri ilə hətta Rusiyanın dron hücumlarını pozan silahlarla hücum əməliyyatlarını genişləndirir. Yenidən Rusiyanı fakt qarşısında qoyub. Ukraynanın növbəti aylarda Moskvaya öz istehsalı olan raketlərlə hücum edəcəyi istisna deyil. D.Tramp Rusiya və Ukrayna arasında danışıqlar prosesini başlamağa çalışacaq. Bu danışıqların müsbət nəticələnməsi gözlənilmir. Məhz müharibənin ilk aylarında Böyük Britaniya və ABŞ-nin İstanbul razılaşması üzrə danışıqlar prosesini pozması göstərir ki, müharibə Rusiyanın məğlubiyyəti ilə nəticələnməlidir. D.Tramp Rusiyanın lehinə qərar verərsə, ABŞ-də prezident postundan uzaqlaşdırıla bilər”.