ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Netanyahuya ağır söyüşlərlə təhqir edilmiş bir videonu öz sosial media hesabında paylaşıb.
Paylaşımda məşhur amerikalı iqtisadçı Cefri Saks Vaşinqtonun xarici siyasəti, Yaxın Şərqə müdaxilələri və bunda Netanyahunun rolu ilə bağlı sərt açıqlamalar verib. Həmçinin videoda Netanyahu ağır təhqir edilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib ki, Trampın sosial media hesabında Netanyahu haqqında yayımladığı videonun İsrail liderinə göndərilmiş bir mesaj olduğu müşahidə edilir.
"Çünki Tramp və Netanyahunun münasibətləri enişli-çıxışlı olub. İsrail liderinin Birləşmiş Ştatları Orta Şərq münaqişələrinə daha çox cəlb etməyə çalışması və Çinlə yaxın əlaqələri Vaşinqtonda narahatlıqlara səbəb olub. Xatırladaq ki, Hayfa Limanının Çin tərəfindən icarəyə götürülməsi, Amerikanın strateji maraqlarını təhdid etdiyi üçün zamanında tərəflər arasında gərginliklər yaranıb. Bu hadisənin nəticəsində Netanyahunun Birləşmiş Ştatlarla olan münasibətlərində ciddi böhran meydana gəlib. Amerikadakı yəhudi əhalisinin sayı və təsiri ilə bağlı müzakirələr, İsrailin ABŞ ilə olan əlaqələrinin başa düşülməsi baxımından vacibdir. Netanyahunun ABŞ-ı öz maraqlarına uyğun yönləndirməyə çalışdığına dair iddialar, yəhudi əhalisinin siyasi və iqtisadi gücü ilə əlaqələndirilir. Lakin bu iddialar adətən konspirasiyaya dair nəzəriyyələr hesab edilir. ABŞ-da daxili siyasətə dair bu cür iddialar, çox vaxt güc əlaqələri üzərindən qurulan mülahizələrdir. Lakin Amerikanın prezidentlik sistemi və demokratik quruluşu, prezidentlərə öz siyasi iradələrini və siyasət yönlərini müəyyən etməyə imkan verir. ABŞ-ın strateji hədəfləri və xarici əlaqələri isə geniş perspektivdən formalaşır. Amerikanın daxili iqtisadi vəziyyəti ilə xarici siyasət arasındakı əlaqə tez-tez müzakirə edilir. Xüsusilə, bu dövlətin beynəlxalq rolu, İsraili dəstəkləməsi və onun maliyyə yükü amerikalılar arasında tənqidlərə səbəb olub. Zəngin ştatlar, daha kasıb ştatların maliyyə dəstək yükünü daşımaqdan yorulub və bu, daxili siyasət müzakirələrində tez-tez gündəmə gəlir".
Ekspert əlavə edib ki, Donald Trampın ikinci dövrü ilə bağlı açıqlamaları, İsrail ilə olan əlaqələrdə yeni bir dövr başlatmaq arzusunu əks etdirir, amma Amerikanın İsraili strateji dəstəkləməsinin davam edəcəyi fikri geniş yayılıb:
"Bəzi analitiklər hesab edir ki, daxili iqtisadi problemlər və xalqın sıxıntıları Birləşmiş Ştatları xarici siyasətdə daha ehtiyatlı addımlar atmağa vadar edə bilər. Trampın xarici siyasət yanaşması, xüsusilə Amerikanın qlobal rolu və resurs istifadəsi ilə bağlı fərqli bir perspektiv təqdim edir. Tramp, ABŞ-ın müharibələrdən çəkinməsi və xarici siyasət xərclərinin daxili iqtisadiyyata zərər verməməsi fikrini müdafiə edir. Lakin silah lobbiləri və hərbi sənaye kimi güclü aktorlar müharibəyə dəstək versə, Trampı ifadələri ilə ziddiyyətli şəkildə görə bilərik".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə güman edir ki, Tramp məlum paylaşımı ilə Netanyahunu hədəf almayıb:
"Ola bilsin ki, Tramp bu məsələ ilə bağlı nələrsə paylaşıb. Ancaq nəzərə almalıyıq ki, o, Cefri Saksı sevmir, çünki ümumiyyətlə liberal və solçulara nifrət edir. Tramp bu video ilə, Netanyahuya hücumlar olduğuna da işarə edə bilər. Lakin burada Trampın İsrailə qarşı addım atdığını düşünmürəm".
Yusif Sultanoğlu