Rusiya təyyarə qəzası ilə məqsədli şəkildə manipulyasiya edir - ŞƏRH

Bu gün Rusiyanın hakimiyyət dairələri ilə əlaqəli bəzi şəxslər və media orqanları Azərbaycana qarşı təhqirlər səsləndirirlər. Ukrayna müharibəsi ilə bağlı Rusiyanın maraqlarına zidd fikirlər səsləndirənlərə qarşı tədbir görülsə də, Azərbaycana qarşı təhqirlər səsləndirənlər barədə hələ də bir tədbir görülməyib.

 Bu da ağıllara sözügedən prosesin Federal Təhlükəsizlik Xidmətinin nəzarətində altında davam etdiyini gətirir. Azərbaycan təyyarə qəzası zamanı Rusiyanın ünvanına heç bir təhqir səsləndirməyib, yalnız ədalətli istintaqın və məsuliyyətin tələbini irəli sürüb. Hazırda Rusiyada məsələnin əsas mövzusundan yayındırılaraq, Azərbaycan günahkar çıxarılmağa çalışılır. Azərbaycan ictimaiyyəti yalnızca məsələnin obyektiv şəkildə araşdırılmasını və ədalətin təmin edilməsini gözləyir. 

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq İlyas Hüseynov bildirib ki,  Rusiyanın hava məkanında Azərbaycana məxsus təyyarənin qəzaya uğramasından sonra rəsmi Moskva bu məsələni indiki səviyyədə yekunlaşdırmaq istəyir. 

"Rusiya nə Azərbaycanın kompensasiya tələbini qəbul edir, nə də qəza nəticəsində həyatını itirən və yaralanan şəxslərdən üzr istəməyə ehtiyac duyur. Əksinə, manipulyativ addımlarla hadisənin mahiyyətini başqa istiqamətə yönəltməyə, obyektiv araşdırma aparmaq əvəzinə günahı Azərbaycana yükləməyə çalışır.

Bununla yanaşı, Rusiyanın rəsmi strukturları ilə əlaqəsi olmayan şəxslərin bir-birinə zidd açıqlamalar verməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Siyasi nüfuzu və analitik düşüncə qabiliyyəti olmayan şəxslərin prosesə müdaxiləsi isə əlavə gərginlik yaradır. Halbuki, Azərbaycan və Rusiya arasında mövcud müttəfiqlik bəyannaməsi bu cür yanaşmaları istisna etməlidir. Hazırda təyyarə qəzası məqsədli şəkildə manipulyasiya edilir, təhqir, böhtan və yanlış şərhlərlə müşayiət olunur. Bu cür yanaşmanın davam etməsi vəziyyəti daha da gərginləşdirə bilər".