Bir an öncə təcili yardım çağıraraq uşağı ən yaxın xəstəxanaya çatdırmaq lazımdır
“Dərmanlardan, həblərdən zəhərlənmə zamanı uşağı qusdurmaq, qatıq, ayran, su içirmək olmaz”
Göyçay Rayon Mərkəzi Xəstəxanasında 3 yaşlı uşaq vəfat edib. Dünən saat 12 radələrində İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Tibbi yardıma baxmayaraq, Ş.Tahirov vəfat edib.
Qeyd edək ki, azyaşlı uşaqlar arasında dərmandan zəhərlənmə hadisələrinin tez-tez təkrarlanması çox böyük narahatlıq doğurur.
Pediatr Azər Əhmədovun “Sherg.az”a açıqlamasına görə, ölümlə nəticələnə biləcək ciddi problemlərə səbəb olan dərman zəhərlənmələri uşaqların təsadüfən çox dərman qəbul etməsi və ya dərmanların şüurlu şəkildə qəbulu zamanı baş verə bilər. Erkən aşkarlanıb tez müdaxilə edildiyi təqdirdə təsirinin qarşısı alına bilər: “Dərman preparatlarından uşaqların zəhərlənmə hallarının ən çox baş verməsi əsasən, payız və qış mövsümünə təsadüf edir. Çünki bu mövsümlərdə uşaqlar tez-tez xəstələnir və valideynlər onları müalicə edirlər. Bu zaman dərman preparatları onların diqqət mərkəzində olur. İkincisi, qış mövsümündə uşaqlar vaxtlarının çoxunu evdə keçirirlər və demək, onların həkim və xəstəxana oyununu oynamağa bolluca vaxtları olur. Valideynlər diqqətli və ehtiyatlı olmalıdır. Unutmasınlar ki, ani nəzarətsizlik övladlarının canı bahasına başa gələ bilər. Bir qayda olaraq yadda saxlamalıdırlar ki, istənilən preparat, hətta vitamin C belə, uşaqların əli çatmayacaq yerlərdə saxlanılmalıdır”.
Dərman zəhərlənməsinin simptomlarından danışan pediatr qeyd edib ki, ürəkbulanma, qusma, qıcolmalar, kramplar, qarın ağrısı, tənəffüsün sürətlənməsi, ürək döyüntülərinin artması, yuxululuq, huşsuzluq və huşun itirilməsi kimi görünə bilər. Dərmanlardan, həblərdən zəhərlənmə zamanı uşağı qusdurmaq, qatıq, ayran, su içirməyə çalışılmamalıdır. İlk yardım üçün ilk addım bir an öncə təcili yardım çağırılaraq uşağı ən yaxın xəstəxanaya çatdırmaq olmalıdır.
Pediatr Vaqif Qarayev isə hesab edir ki, dərman zəhərlənməsi bədbəxt hadisə hesab olunsa da, əksər hallarda təsadüfən olmur: “Körpə yaşlı uşaqlar dərmana oyuncaq kimi baxır. Əlinə alan kimi mütləq ağzına aparır. Yeniyetmələr üçünsə dərman preparatları suisid vasitəsidir! Əgər evdə xroniki xəstə varsa, istifadə olunan dərmanlar mütləq uşaqlar üçün əlçatmaz yerdə olmalıdır. Bəzən təzyiq, əsəb xəstəlikləri üçün qəbul edilən preparatın cəmi bir həbi (tabletkası) uşağın həyatına son qoya bilər. Hamının evində olan sakitləşdirici, yuxugətirici preparatları uşaqlar görməməlidir. Həblər şirin qatla örtüldüyündən, siroplar isə dadlı olduğundan uşaqlar bu dərmanları içməkdə özlərinə məhdudiyyət qoymur və beləcə güclü zəhərlənmə baş verir. Dərmanın təsiri ən tez yarım saat, ən gec isə 30 saatdan sonra özünü göstərə bilər. Qeyd etdiyim kimi, istənilən dərman vasitəsi, hətta ziyansız hesab olunan dərman vasitəsi də uşaqlar üçün əlçatmaz yerə qoyulmalıdır. Çünki böyüklərin terapevtik dozada qəbul etdiyi preparat uşaqlar üçün ölümcül ola bilər. Kosmetik vasitələrdən, xüsusən saç boyasından zəhərlənməyə də tez-tez rast gəlinir”.
Pediatrın sözlərinə görə, içilən dərmanın dozasından asılı olmayaraq mütləq təcili yardıma müraciət etmək lazımdır: “Beş yaşından yuxarı uşaqlara içə biləcəyi qədər qaynanmış, ilıq su verməli, dilin kökünə təzyiq etməklə qusma yaratmaq lazımdır. Amma bunu o halda etmək lazımdır ki, uşaqda qıcolma və huşsuzluq olmasın. Əgər uşaq huşsuz vəziyyətdədirsə, qusma yaratmaq olmaz”.