Cənubi Qafqazı yaxın dönəmdə təhlükəsizlik bölgəsinə çevirmək üçün şans yaranacaq
Ermənistan-Azərbaycan şərti sərhədlərində açıq-aşkar casusluq fəaliyyəti göstərən Avropa İttifaqının "müşahidə missiyası" tərəfkeşliyini aydın şəkildə büruzə verməkdədir. Bugünədək baş vermiş təxribatları görməzdən gələn Aİ-nin "müşahidə missiyası" son günlər şərti sərhədlərdə yaşanan atəşkəs pozuntularını da "görmür". Avropa İttifaqının "müşahidə missiyası" xəbər yayıb ki, martın 16-17-də Ermənistanın Azərbaycanla sərhədləri boyunca göndərilmiş patrul xidmətləri heç bir qeyri-adi fəallıq müşahidə etməyiblər və guya vəziyyət stabil olaraq qalmaqdadır.
Halbuki, məhz martın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun bölmələrimizi 3 dəfə atəşə tutduğu barədə xəbər yayıb. Baş vermiş faktın missiya tərəfindən qeydə alınmaması təhlükəli olmaqla bərabər bəzi məqamları da təsdiqləyir. Missiya bununla sübut edir ki, bölgədəki varlığı bəzi Avropa dövlətlərinin maraqlarına xidmət edir. Göründüyü kimi missiya Ermənistana məhz sərhəd təxribatlarını ört-basdır etmək, Azərbaycanı məsul tutmaq məqsədi daşıyır.

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Avropa İttifaqının "müşahidə missiyası"nın tərəfli mövqe tutmasında qeyri-adi heç nə yoxdur. Ekspert vurğulayıb ki, onlar həmişə bu cür davranıblar:
"Avropa İttifaqı digər qurumlar kimi ermənipərəst mövqedədir. Missiya daim Azərbaycan əleyhinə nəsə etməyə davam edir. Ancaq ermənilər də yaxşı başa düşürlər ki, artıq bu cür pozuntuların heç bir əhəmiyyəti qalmayıb. Ara-sıra atəşkəsin pozulması xırda təxribatdır və ermənilər bundan o yana keçə bilməzlər. Onların müxtəlif ölkələrə, müxtəlif qurumlara təlimlər üçün göndərdikləri əsgərlər, Hindistandan alınan 5-ci, 6-cı dərəcəli silahlar da Ermənistanın hərbi qüdrətini artıra bilməz. Azərbaycanın hərbi büdcəsi Ermənistandan 3 dəfəyə yaxın çoxdur. Hazırda Ermənistan bir qədər də çıxılmaz vəziyyətdədir. Çünki 17 bənddən ibarət sülh sazişinin son iki maddəsi də razılaşdırılıb, yəni buna razılaşmaq məcburiyyətində qalıb. Paşinyanın Vaşinqtona uğursuz səfəri, ona olan etinasız münasibət İrəvan hökumətinin mövqeyinə kifayət qədər təsir göstərdi. Ermənistan tərəfi anlayır ki, ABŞ-nin siyasəti dəyişib və Avropa İttifaqı onların hayında deyil".
A.Səmədov özü çətin durumda olan Ermənistanın ciddi hərbi təxribatlara gedəcəyini düşünmür:
"Ermənistanın Azərbaycanla yenidən müharibə etməsi inandırıcı deyil. Çünki bunun nəticəsi indidən məlumdur. Üstəlik, ABŞ Prezidenti D.Trampın dünyada sülhvərpər siyasətçi olmaq arzusu da hamıya bəllidir. Ermənilər Minsk qrupunun uzunmüddətli tərəfli və Azərbaycana münasibətdə qərəzli fəaliyyətinə də bel bağlayırdı. Lakin artıq İrəvan Minsk qrupunun ləğvinə razılıq verəcəyini istisna etmir və sülh sazişi imzalandıqdan sonra bu quruma ehtiyac qalmayacağını açıq söyləyir. Fikrimcə, müəyyən problemlərə baxmayaraq, Cənubi Qafqazı yaxın dönəmdə təhlükəsizlik bölgəsinə çevirmək üçün şans yaranacaq".