- “Moskva belə mitinq gözləmirdi. Bakıya qədər gəlib çıxacaqlarını deyirdilər”
- "17 Noyabr Azərbaycan tarixində xüsusi yeri olan, Cümhuriyyət dövründən sonra xalqın öz iradəsi, əzmi və mübarizəsi ilə tarix yazdığı ən əlamətdar günlərdən biridir"
Bu gün Milli Dirçəliş Günüdür. 1988-ci ilin 17 noyabrında Bakının Azadlıq meydanına toplaşan yüz minlərlə insan Azərbaycanın milli azadlıq hərəkatının əsasını qoyan tarixi mübarizəyə imza atdı.
Sovet rejiminin təzyiqlərinə baxmayaraq, xalqın meydanda nümayiş etdirdiyi birlik, cəsarət və müstəqillik əzmi Azərbaycanın dövlətçilik tarixində silinməz iz buraxdı.
Həmin tarixi hadisələrin iştirakçısı və 1988-ci il noyabr mitinqlərinin təşkilatçılarından biri olan ekoloq, Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Sherg.az-a açıqlamasında o günlərin unudulmaz təəssüratlarını bölüşüb. O, Azadlıq meydanında yaşanan coşqudan, xalqın müstəqillik arzusundan, sovet rəhbərliyinin gözləntilərini alt-üst edən milli birlikdən və həmin mübarizənin tarixi əhəmiyyətindən danışıb: 
“Milli Dirçəliş Günü mənim üçün unudulmaz xatirələrlə dolu bir tarixdir. Həmin günlərdə tələbələrdən tutmuş yaşlılara, qadınlardan kişilərə, uşaqlara qədər hər kəs Azadlıq meydanına axışırdı. Meydan insan selinə çevrilmişdi. Hamımız eyni coşqunu yaşayır, eyni arzunu bölüşürdük. Bu, milyonlarla insanın bayramı, milyonlarla azərbaycanlının müstəqillik arzusu idi. Hər kəs bir araya gələcəyimizə, birliyimizlə gücümüzü göstərəcəyimizə inanırdı. Düşmənlərimiz isə ideoloji müstəvidə çox ciddi hazırlıq görmüşdülər. Ermənilərin təbliğatı istiqamətində yazılar sel kimi axıb gəlirdi. Biz də həmin yazılara cavab verir, onların iddialarını faktlarla təkzib etməyə çalışırdıq. Bu mübarizənin mühüm nəticələrindən biri topladığım materiallar əsasında çap etdirdiyim kitab oldu. Həmin nəşr Azərbaycanda ilk samizdat – yəni qeyri-rəsmi, gizli şəkildə hazırlanıb yayılan kitablardan biri idi. O dövrdə materialları gizli yollarla toplayır, bir növ özümüzlə gətirib qoruyur, sonra nəşrə hazırlayırdıq. Bu işdə mənim də böyük əməyim olub. Həmin kitab erməni təbliğatına qarşı mübarizədə ən təsirli cavablardan birinə çevrildi və Azərbaycanın haqq səsinin yayılmasına xidmət etdi”.
Ekoloq xatırladıb ki, milli azadlıq hərəkatı çərçivəsində mitinqlər hələ 1988-ci ilin əvvəlindən başlayıb və o, bu aksiyaların demək olar ki, hamısında fəal iştirak edib. Onun sözlərinə görə, təşəbbüslər əsasən aspirant yataqxanasında formalaşır, tələbə yataqxanalarından keçərək Azadlıq meydanına doğru irəliləyirdi:
“Bir neçə mitinqdən sonra, 1988-ci ilin noyabr mitinqinin təşkilatçılığı, ideya müəllifliyi və bütün məsuliyyəti də mənim üzərimə düşdü. Həmin hadisələrin bütün günahını, məsuliyyətini öz boynuma götürmüşdüm. Digərləri də məni göstərirdilər ki, bütün bunların təşəbbüskarı odur. Təbii ki, bu mübarizənin öz çətinlikləri, əziyyəti və ağır məqamları var idi. Amma Allaha şükürlər olsun ki, ən vacibi xalq olaraq məqsədimizə çatdıq. Bu mübarizənin ruhu mənə 44 günlük Vətən müharibəsini xatırladır. Həmin 44 gündə xalqımızın, ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq kimi, 1988-ci ilin noyabrında da meydanda görünməmiş bir coşqu, iradə və birlik hökm sürürdü. O zaman elə düşünürdük ki, bir güclü mitinq keçirsək, bütün problemləri həll edə, arzularımıza çata bilərik. İnsanlarda böyük inam, azadlıq eşqi və mübarizə əzmi var idi. Hətta Moskvanın özü də bizim belə möhtəşəm mitinq təşkil edə biləcəyimizə inanmırdı. Sovet rəhbərliyi erməniləri daha mütəşəkkil və təşkilatlanmış qüvvə hesab edirdi. Sonradan SSRİ rəhbərliyinin nümayəndələri də etiraf edirdilər ki, Azərbaycanın bu qədər qısa müddətdə təşkilatlanacağını, baş verənlərə belə güclü cavab verəcəyini və xalqın torpağına, Vətəninə bağlılıq hissi ilə ayağa qalxacağını gözləmirdilər.
Ermənilər isə açıq şəkildə bildirirdilər ki, torpaqları ələ keçirəcək, hətta Bakını da alıb bizi geri göndərəcəklər. 1988-ci ilin noyabrında Azadlıq meydanına toplaşan yüz minlərlə insanın nümayiş etdirdiyi birlik və iradə həmin iddialara ən tutarlı cavab oldu. Necə ki, Azərbaycan xalqı 44 günlük müharibədə silahlı mübarizədən qalib ayrıldı, 1988-ci ildə də dinc mübarizə yolu ilə tarixə öz möhürünü vurdu. Mən bu tarixi hadisənin həm ideya müəlliflərindən, həm də təşkilatçılarından biri olduğum üçün böyük qürur duyuram.
Tarixçi dostlarım, o cümlədən mərhum dostum Xəlil Rza (Xəlil Rza Ulutürk) həmişə mənə deyirdi ki, Allah sənə həm təşkilatçılıq, həm də yaradıcılıq qabiliyyəti verib. Kitab nəşr etdirirsən, mitinqlərin təşkilində iştirak edirsən, görünür, hələ tarixdə iz qoyacaq başqa işlərə də imza atacaqsan. Doğrudan da, həmin mitinq möhtəşəm bir hadisəyə çevrildi.
O dövrdə tarixçilərimiz sual edirdilər ki, biz tarixdən nə yazacağıq? Torpaqlarımızın işğalı, insanlarımızın öz yurdlarından qovulması qarşısında niyə yalnız bir günlük meydana çıxıb şüarlar səsləndirir, sonra dağılışırıq? Niyə baş verənlərə daha ciddi və təsirli şəkildə cavab vermirik? Şükürlər olsun ki, biz də tariximizin bu səhifəsinə öz töhfəmizi verdik. Tarixçilərimizin qələminə xalqımızın mübarizəsini, birliyini və iradəsini əks etdirən yeni səhifələr əlavə etdik. İnanıram ki, gələcək nəsillər də həmin günləri Azərbaycanın milli oyanış və müstəqillik mübarizəsinin ən möhtəşəm mərhələlərindən biri kimi xatırlayacaqlar”.
Ekoloqun fikrincə, 17 Noyabr Azərbaycan tarixində xüsusi yeri olan, Cümhuriyyət dövründən sonra xalqın öz iradəsi, əzmi və mübarizəsi ilə tarix yazdığı ən əlamətdar günlərdən biridir. O vurğulayıb ki, həmin günlərdə Azərbaycan xalqı öz hünəri və birliyi ilə tarixinin yeni, şanlı səhifəsini yazıb:
“O dövrü xatırlayarkən meydanda iştirak edən qadınlarımızın, qızlarımızın, tələbələrimizin, alimlərimizin və ziyalılarımızın göstərdiyi fədakarlığı xüsusi qeyd etmək istəyirəm. Həmin möhtəşəm mitinqlərin təşkilində əməyi olan, o günləri yaşayan və tariximizə yazan hər kəsə cansağlığı arzulayıram. Dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm. 17 Noyabr, həqiqətən də, tariximizin möhtəşəm günlərindən biridir. Arzu edirəm ki, bundan sonra da həyatımızın bütün sahələrində belə qürurverici bayramlarımız, sevinc dolu günlərimiz çox olsun. Müstəqilliyimizə baxmayaraq, hələ də qarşılaşdığımız çətinliklər var. İstəyim budur ki, xalqımız həmin çətinlikləri də milli birlik və həmrəylik sayəsində geridə qoysun. Mənim ən böyük arzularımdan biri torpaqlarımızın erməni işğalından azad edilməsi, xalqımıza qarşı uzun illər ərzində törədilmiş haqsızlıqlara tarixi ədalət müstəvisində cavab verilməsi idi. İstəyirdim ki, mübarizə tariximizi elə yazaq, elə bir gələcək quraq ki, övladlarımız sabah geriyə baxanda bizim addımlarımızı səhv hesab etməsin, bizə irad tutmasınlar.
Şükürlər olsun ki, bu gün torpaqlarımız azaddır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. İnanıram ki, gələcək nəsillər də 17 Noyabrı xalqımızın milli iradəsinin, birliyinin və müstəqillik uğrunda mübarizəsinin müqəddəs günü kimi qeyd edəcəklər”.