“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp

Donald Tramp Qəzza Sülh Şurasının iclasında çıxış edərək ABŞ-nin sülh təşəbbüsləri barədə açıqlamalar verib. O bildirib ki, “8 müharibəni sona çatdırdıq, 9-cusu isə yoldadır”.

Sherg.az xəbər verir ki, Tramp qeyd edib ki, sülhə nail olmaq asan səslənsə də, bunun üçün ciddi iş aparılır:

“Sadə bir şey edirik - sülh yaradırıq. Deməsi asandır, amma bunun üzərində çalışırıq. 8 müharibəni bitirdik. 9-cusu yoldadır. Ən asan olacağını düşünürdüm, amma ən çətini oldu.”

O, Qəzzadakı vəziyyəti “çox mürəkkəb” adlandıraraq, bölgədə daha parlaq gələcək üçün çalışdıqlarını vurğulayıb. Tramp Sülh Şurasının konkret nəticələr verəcək mühüm platformalardan biri olduğunu bildirib və ABŞ-nin bu quruma 10 milyard dollar töhfə verəcəyini açıqlayıb.

Çıxışında o, həmçinin uzun illər davam edən münaqişələrə də toxunaraq, 30 ildən çox davam edən qarşıdurmaların dayandırıldığını iddia edib və sülhün müharibədən qat-qat ucuz olduğunu vurğulayıb:

“Dünyada sülhdən daha ucuz heç nə yoxdur. Müharibə başlayanda xərclər sülhdən yüz dəfə artıq olur.”

Tramp İranla aparılan danışıqlara da münasibət bildirib:

“10 gün ərzində İranla razılaşma əldə edə bilərik. İranın nüvə silahı ola bilməz. Əgər olarsa, Yaxın Şərqdə sülh mümkün olmaz.”

Qeyd edək ki, Trampın açıqlamaları Qəzzada atəşkəs və regional sabitlik istiqamətində diplomatik proseslərin davam etdiyi bir vaxtda səsləndirilib.