9 ildən sonra ilk dəfə: İstanbulda Ermənistanın müstəqillik günü ilə bağlı qəbul keçiriləcək

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində simvolik addım atılır. Təxminən 9 illik fasilədən sonra bu həftə İstanbulda Ermənistanın müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil olunacaq.

Sherg.az xəbər verir ki, bu barədə CNN TÜRK məlumat yayıb.

Ermənistanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi, diplomat Nairi Petrosyanın ev sahibliyi edəcəyi tədbirin Ermənistanın müstəqilliyinin 35-ci ildönümünə həsr olunması planlaşdırılır. Qəbulda Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri, deputatlar, yerli idarəetmə orqanlarının təmsilçiləri, iş adamları, jurnalistlər, mədəniyyət xadimləri, dini liderlər və İstanbulda fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin təmsilçiləri də daxil olmaqla, təxminən 200 nəfərin iştirakı gözlənilir.

Nairi Petrosyan CNN TÜRK-ə açıqlamasında Ankara ilə İrəvan arasında siyasi və regional məsələlər, eləcə də sahələr üzrə əməkdaşlıq perspektivləri ilə bağlı fəal dialoqun aparıldığını bildirib.

“Ortaq maraqlarımızın və bunları reallaşdırmaq üçün siyasi iradəmizin olduğuna inanıram. İrəvanla Ankara arasında müzakirə edilə bilməyən heç nə yoxdur”, - diplomat vurğulayıb. Onun sözlərinə görə, Ermənistan hökuməti adından təşkil edilən qəbul da bu istiqamətdə növbəti simvolik addımdır.

Türkiyə-Ermənistan münasibətləri niyə pozulub?

Ermənistan 1991-ci il sentyabrın 21-də müstəqilliyini elan edib. Türkiyə isə həmin il dekabrın 16-da qonşu ölkənin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.

Lakin Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsi iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olub. Türkiyə 1993-cü ildə Ermənistanla birbaşa ticarəti dayandırıb, quru sərhədini bağlayıb və nəqliyyat əlaqələri kəsilib. “Soyqırımı” iddiaları da Ankara ilə İrəvan arasında gərginlik yaradan məsələlərdən biri olub.

2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasını və əlaqələrin inkişafını nəzərdə tutan protokollar imzalansa da, sənədlər həyata keçirilməyib.

İkinci Qarabağ müharibəsindən sonra yeni mərhələ

2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni təmaslar başlayıb.

2021-ci ilin sonunda tərəflər sərhədin açılması və diplomatik münasibətlərin qurulması məqsədilə xüsusi nümayəndələr təyin ediblər. Sonrakı dövrdə birbaşa uçuşların təşkili və ticarətin asanlaşdırılması istiqamətində müəyyən addımlar atılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin iyununda Azərbaycan parlamentində çıxışı zamanı Ermənistanın Azərbaycanla problemlərini həll etdikcə Türkiyənin də lazımi addımlar atacağını bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il Türkiyəyə işgüzar səfəri çərçivəsində Ərdoğanla İstanbulda görüşüb. İki lider bu ilin sentyabrında isə Nyu-Yorkda yenidən bir araya gəlib.

CNN TÜRK-ün məlumatına görə, sərhədin açılması ilə bağlı texniki və bürokratik işlər davam edir. İstanbulda keçiriləcək qəbul isə iki ölkə arasında normallaşma prosesinin rəmzi addımlarından biri kimi qiymətləndirilir.