ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir

ABŞ Avropa ölkələri ilə qitədə gələcək təhlükəsizlik arxitekturasının formalaşdırılmasını müzakirə etməyə başlayıb.

Sherg.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner açıqlama verib.

Onun sözlərinə görə, Vaşinqton avropalıların Ukraynadakı münaqişənin başa çatdırılması və danışıqlarda iştirak etmək istəyini nəzərə alır.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff isə bildirib ki, avropalılar Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda birbaşa iştirak etməsələr də, görüşlərin məzmunu barədə məlumatlandırılıblar. O, Rusiya Prezidenti Vladimir Putinlə aparılan müzakirələrin nəticələri barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verəcəyini də qeyd edib.

Vladimir Putin isə Rusiyanın ABŞ-ın Avropa ilə işləməsini və Avropa ölkələrinin sülh, yoxsa müharibə istədiklərini müəyyənləşdirməsini arzuladığını bildirib. O, Ukraynada davamlı sülhün tərəfdarı olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Axios” nəşri Tramp administrasiyasının Rusiyadan Avropa ilə gələcək təhlükəsizlik razılaşmasına dair yeni təklif hazırlamağı xahiş etdiyini yazıb. Vaşinqton hesab edir ki, Avropanın iştirakı olmadan qitədə gələcək təhlükəsizlik sisteminə dair razılığa gəlmək mümkün deyil.