ABŞ Yaxın Şərqdə Azərbaycanı görmək istəyir
Bu gün Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub.
Görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın rolu haqqında danışılıb. Görüş zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi və onun əhəmiyyəti, iki ölkə arasında ticarət münasibətlərinin yaranması xüsusilə qeyd olunub. Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurası və şuraya təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması müzakirə edilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Sherg.az"a deyib ki, ABŞ-Azərbaycan münasibətlərində prioritet hesab ediləcək 4 istiqamət var:
"Birinci istiqamət Strateji Tərəfdaşlıq Xartiyasıdır. Hazırda Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə işlər gedir. Yaxın zamanda xartiyanın hazırlanması üçün ikinci iclas keçirildi. İclasda ABŞ-Azərbaycan arasında enerji, ticarət, tranzit də daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
İkinci istiqamət Cənubi Qafqazda sülh və bununla bağlı TRIPP layihəsidir. Elə görüşdə də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, iki ölkə arasında ticarət münasibətlərinin yaranması (Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırılması) vurğulandı. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd etdi.
Üçüncü istiqamət 907-ci düzəlişin (Section 907) ləğvidir. Burada məqsəd ABŞ qanunvericiliyində Azərbaycana göstərilən yardımlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır. Biz bilirik ki, məhz bu maddə uzun illər ərzində ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımı göstərməsini məhdudlaşdırıb.
Dördüncü istiqamət isə dünyada təhlükəsizlik, sülh və sabitliyin dəstəklənməsi, həmçinin bu sahədə əməkdaşlıqdır. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması rəsmi Bakının nüfuzunu göstərir. Hesab edirəm ki, ABŞ Yaxın Şərqdəki proseslərdə Azərbaycanın varlığını istəyir. Hazırda regionumuzdan Ermənistan və Türkiyə Sülh Şurasında iştiraklarını təsdiqləyiblər. Biz bu prosesdən kənarda qala bilmərik".
Ekspert sonda bu görüşün ABŞ-Azərbaycan münasibətləri üçün əhəmiyyətli olduğunu qeyd edib.