ABŞ-dan İrana xəbərdarlıq: Tərəfdaşlarımıza qarşı hücumlar cavabsız qalmayacaq

"Amerika Birləşmiş Ştatları İran rejiminin 5 mart tarixində Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi, Naxçıvan Beynəlxalq Hava Limanını və orta məktəbini hədəf alan səbəbsiz pilotsuz uçuş aparatı hücumunu qətiyyətlə pisləyir".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Bu hücum nəticəsində günahsız mülki şəxslər xəsarət almış, mühüm mülki infrastruktura ziyan dəymişdir. Bu zərbələr Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması olmaqla yanaşı, İranın təcavüzkar davranışının əsassız şəkildə eskalasiyasıdır. Amerika Birləşmiş Ştatları bu təhdidlər qarşısında Azərbaycanla tam həmrəylik nümayiş etdirir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə qarşı hücumlar qəbuledilməzdir və belə hallara ABŞ-ın həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə cavab veriləcək", - məlumatda deyilir.