"İmmiqrasiya etirazları Tramp administrasiyasının zəif nöqtəsinə çevrilir"
ABŞ-də ICE (immiqrasiya polisi) əməliyyatları zamanı iki nəfərin öldürülməsi ölkə üzrə kütləvi etirazlara səbəb olub. Keçmiş prezidentlər Barak Obama və Bill Klinton Tramp administrasiyasını sərt tənqid edərək ABŞ-ın əsas demokratik dəyərlərinin təhlükə altında olduğunu bildiriblər. Bill Klinton xalqa müraciət edərək “Ayağa qalxın, səsinizi yüksəldin” çağırışı edib. Obama isə baş verənləri “ciddi xəbərdarlıq” adlandıraraq ICE əməkdaşlarının maskalı və aqressiv taktikalarının cəmiyyətdə haqlı qəzəb yaratdığını vurğulayıb. Donald Tramp isə baş verənlərə görə demokratları günahlandırıb. Ekspertlər etirazların genişlənə biləcəyini və yaşananların ABŞ demokratiyası üçün dönüş nöqtəsi ola biləcəyini bildirirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli ABŞ-dəki son prosesləri “Sherg.az”a şərh edərkən baş verənləri yalnız cari vəziyyət prizmasından qiymətləndirməyin doğru olmadığını bildirib:
“Baş verənləri yalnız cari vəziyyət prizmasından qiymətləndirmək doğru olmaz. Çünki Donald Tramp prezident seçildikdən sonra daxili siyasətdə əsas prioritetlərindən biri məhz sərt immiqrasiya siyasəti olub. O, immiqrasiyanı ABŞ üçün əsas problemlərdən biri hesab edir və bu mövqedən çıxış edərək öz siyasətini ardıcıl şəkildə davam etdirir. Hazırda Birləşmiş Ştatlarda baş verən proseslərin, xüsusilə də Donald Trampın immiqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyalarının bu siyasətə təsir edib-etməyəcəyi daha çox həmin aksiyaların yaxın perspektivdə hansı miqyas alacağından asılıdır. Əgər etirazlar genişlənərsə, daha çox şəhəri və ştatı əhatə edərsə, bu, Tramp administrasiyasını immiqrasiya siyasətində dəyişikliyə məcbur edə bilər.
Artıq son aylarda, xüsusilə dekabr ayında ABŞ-ın bir sıra şəhərlərində keçirilən etiraz aksiyalarının müəyyən nəticələr verdiyini müşahidə etdik. Belə ki, Donald Tramp dekabrın sonlarında bəzi şəhərlərdə hərbi vəziyyətin yüngülləşdirilməsi və və təhlükəsizlik tədbirlərinin qismən yumşaldılması ilə bağlı qərarlar qəbul etdi. Bu, etirazların administrasiya üzərində müəyyən təsir gücünə malik olduğunu göstərir”.
Ekspert bununla belə Trampın ümumi ritorikasında hələlik ciddi dəyişiklik müşahidə olunmadığını bildirib:
“O, sərt immiqrasiya siyasətindən imtina edəcəyinə dair açıq siqnallar vermir və əksinə, bu siyasətin haqlı olduğunu vurğulayaraq demokratları kəskin tənqid etməyə davam edir. Ümumilikdə, baş verən etirazlar fonunda ölkə daxilində siyasi vəziyyətin müəyyən mənada gərginləşdiyini görürük.
Xatırlayırıq ki, Tramp administrasiyası bir sıra ştatlarda yerli hakimiyyətlərin və qubernatorların razılığı olmadan federal güc strukturlarından istifadə edib. Bu addımlar mərkəzi hakimiyyətlə ştat hakimiyyətləri arasında ciddi ziddiyyətlərə və siyasi qarşıdurmaya səbəb olub. Həm etirazların əvvəlində, həm də sonrakı mərhələlərdə bu sərt xətt davam etdirilib.
Bu kontekstdə 2026-cı il Birləşmiş Ştatlar üçün olduqca əhəmiyyətlidir. Bu ilin noyabrında aralıq və yerli seçkilər keçiriləcək və həm Respublikaçılar Partiyası, həm də Demokratlar bu məsələdən siyasi alət kimi istifadə edəcəklər. Əgər Tramp administrasiyası genişmiqyaslı və davamlı etirazlarla üzləşərsə, xüsusilə seçkilər ərəfəsində müəyyən geri addımlar ata bilər”.