TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycanın regionla nəqliyyat əlaqələrini genişləndirə, həmçinin Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen deyib.
Onun sözlərinə görə, layihə yalnız dəmir yolu əlaqələrinin deyil, digər potensial nəqliyyat marşrutlarının da inkişafını nəzərdə tutur.
"Onun icrasına məsul şirkət yaradıldıqca və marşrutun konkret parametrləri müəyyənləşdikcə qeyri-hökumət təşkilatlarının iştirakı üçün də yeni imkanlar yaranacaq. Bu, Azərbaycanın daha geniş regionla əlaqələrinin qurulması prosesinin bir hissəsidir. Ümid edirəm ki, bu proses çərçivəsində Ermənistan və Azərbaycan arasında münasibətlərin inkişafını da görəcəyik. Mənim fikrimcə, burada qeyri-hökumət təşkilatları böyük rol oynaya bilər”, - Allen qeyd edib.
Diplomat, həmçinin hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrini və ictimai fəallarını bir araya gətirən “Sülh Körpüsü” təşkilatının fəaliyyətini xatırladıb. Bu cür təşəbbüslər Ermənistan və Azərbaycan cəmiyyətləri arasında əlaqələrin inkişafına töhfə verə bilər.