ABŞ Vitse-Prezidenti Ceyms Devid Vens dünən (10 fevral 2026) rəsmi səfərdə olduğu Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyan ilə görüşüb. Görüşdən sonra Vens və Paşinyan birgə mətbuat konfransı keçiriblər.
Sherg.az xəbər verir ki, sülhün keçmişə deyil, gələcəyə yönəlmiş insanlar tərəfindən yaradılacağını qeyd edən Vens bildirib:
“Baş nazir Paşinyan böyük irəliləyiş əldə edib, həm mənimlə, həm də ABŞ Prezidenti Tramp ilə çox yaxşı münasibət qurub. Buna görə yalnız Ermənistan üçün sülh yaratmırıq, eyni zamanda Ermənistan və ABŞ üçün birgə həqiqi rifah formalaşdırırıq.”
Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) proqramının regiona tarixi dəyişikliklər gətirəcəyini vurğulayan Vens deyib:
“TRIPP İnkişaf Fondu çərçivəsində Ermənistana böyük həcmdə xüsusi kapital yönləndiriləcək. Bu layihə bölgədə ticarət, tranzit və enerji axınları üçün yeni imkanlar yaradacaq və Ermənistan ilə qonşu ölkələr arasında bənzərsiz əlaqələr quracaq. Bu, yalnız erməni xalqına rifah gətirməyəcək, həm də uzunmüddətli sülhə doğru vacib addım olacaq. Qarşılıqlı əlaqəli iqtisadiyyat və enerji sektorları formalaşdıqda bölgədə dayanıqlı sülh təmin olunacaq. TRIPP Fondu dəmir yolları, boru kəmərləri və əlaqəli infrastrukturların inşası üçün xüsusi kapital axını təmin edəcək. Bu da regiona həqiqi rifah gətirəcək və İrəvan ilə Bakı arasındakı sülh sazişinin gücünü artıracaq.”
Ermənistana 11 milyon dollarlıq V-BAT tipli müşahidə PUA-larının satışını nəzərdə tutan yeni müdafiə sazişi barədə məlumat verən Vens bildirib:
“İlk dəfə böyük bir hərbi texnologiya satışını elan edirik. 11 milyon dollarlıq müşahidə PUA texnologiyası. Bu PUA-lar Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq. Bu həmçinin ABŞ üçün müdafiə texnologiyaları sahəsində yeni iş imkanları və investisiyalar deməkdir.”
Ermənistan Baş naziri Nikol Paşinyan isə bildirib:
“Ermənistan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığı sahəsində əhəmiyyətli irəliləyişlər əldə edilib. Bu, müdafiəmizi gücləndirmək üçün vacib bir töhfə olacaq. ABŞ-nin xarici ölkələrə hərbi texnika satış proqramı çərçivəsində imzalanan bu saziş gələcək əməkdaşlığımız üçün möhkəm əsas yaradacaq.”
Paşinyan, həmçinin Azərbaycanın sülh prosesinə verdiyi töhfələr və 8 avqust 2025-ci il Vaşinqton zirvəsinin təşkilinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib:
“Vaşinqton zirvəsi sayəsində Ermənistan və ABŞ arasında ikitərəfli əlaqələr güclü sürət qazandı və Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh təmin olundu. Vaşinqton Sülh Zirvəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Prezident Trampı Nobel Sülh Mükafatına namizəd göstərdik və bu mükafata layiq olmasını ümid edirik.”