ABŞ-İran razılaşması üçün tarix verildi: 14 iyun GÜNDƏMDƏ

ABŞ və İran arasında memorandumun imzalanmasına yaxınlaşıldığı iddia olunur. Donald Tramp administrasiyasına yaxın mənbələrə istinadən yayılan məlumatlara görə, tərəflər arasında sənədin 14 iyun tarixində Cenevrədə imzalana biləcəyi qeyd edilir.

Sherg.az xəbər verir ki, məlumata görə, bu sənəd tam saziş deyil, daha çox “razılaşma memorandumu” xarakteri daşıyacaq.

İddialara əsasən, sənəddə Hörmüz boğazının yenidən açılması, ABŞ-nin tətbiq etdiyi blokadanın yumşaldılması və İran neftinin satışına müvəqqəti sanksiya güzəştləri verilməsi nəzərdə tutulur. Qarşılıq olaraq, İranın regional ticarət və enerji axınlarına çıxışının bərpası planlaşdırılır.

Bildirilib ki, sanksiyaların tam ləğvi mərhələli şəkildə həyata keçiriləcək, dondurulmuş İran aktivlərinin taleyi isə hələ tam razılaşdırılmayıb.

Qeyd edək ki, bu məlumatlar hələ rəsmi şəkildə təsdiqlənməyib və tərəflərdən yekun açıqlama verilməyib.