İlqar Vəlizadə: "Qazaxıstanın regional çəkisi ABŞ-la əməkdaşlıq sayəsində artacaq"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampdan məktub alıb.
Akordanın mətbuat xidmətinin məlumatına görə, Amerika lideri fevral ayında Vaşinqtonda Sülh Şurasının ilk iclasında Qazaxıstan Prezidenti ilə görüşünü xatırladıb.
Donald Tramp Kasım-Jomart Tokayevin bu ilin sonlarında Mayamidə keçiriləcək Sülh Şurasının növbəti iclası və G20 sammitində iştirak edəcəyini gözlədiyini bildirib.
ABŞ- Qazaxıstan əlaqələrini dəyərləndirən siyasi ekspertlər qeyd edib ki, Trampın Mərkəzi Asiya ilə bağlı siyasəti tamamilə praqmatik xarakter daşıyır. ABŞ üçün strateji əhəmiyyət daşıyan faydalı qazıntıların demək olar yarısı Qazaxıstanda yerləşir. Qazaxıstan uran ehtiyatları ilə yanaşı, nadir torpaq elementləri baxımından da zəngindir; bu elementlər smartfonlar, elektrik avtomobilləri, külək turbinləri və digər yüksək texnologiyalı məhsulların istehsalında geniş istifadə olunur. Qazaxıstan isə ABŞ ilə iqtisadi əlaqələri gücləndirməklə Çinin bölgədəki inhisarını zəiflətməyə çalışır. Bölgədə verilən iri kreditlər həmin ölkələrin borc yükünü artırıb və Pekinin təsir imkanlarını genişləndirib. Mərkəzi Asiya ölkələri bunun təhlükəsizliklərinə risk yaratdığını anlayır və ABŞ ilə əməkdaşlığı gücləndirməklə Çin və Rusiya ilə münasibətlərində balans yaratmağa çalışır.
Politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, son illərdə Qazaxıstan və ABŞ arasında intensiv təmaslar qurulub və bu əməkdaşlıq müxtəlif sahələrdə özünü aydın göstərir. İ. Vəliadənin sözlərinə görə, həm iqtisadi əlaqələr, həm də siyasi dialoqlar möhkəmlənməkdədir. Qazaxıstan Sülh Şurasının fəal üzvlərindən biri olaraq, regionda sabitlik və tərəfdaşlıq prinsiplərinə önəm verir:
“Donald Trampın Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ünvanladığı məktub, iki ölkə arasında dialoqun inkişaf etdiyinin və qarşılıqlı marağın göstəricisidir. Hər iki tərəf əməkdaşlığın mövcud nailiyyətləri ilə kifayətlənmək əvəzinə, onu daha da genişləndirməyə çalışır. Geosiyasi vəziyyət çox mürəkkəbdir. Hər iki dövlət öz maraqlarını təmin etmək üçün konkret səylər göstərir. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətləri gücləndirmir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiyada mövqelərini möhkəmləndirir. ABŞ-la sıx əlaqələrin qurulması isə Qazaxıstanın regional və qlobal geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırır”.