ABŞ-nin İrana hərbi müdaxilə ehtimalı hər keçən gün artır - ŞƏRH

ABŞ-nin İranda baş verən etirazlara münasibəti ziddiyyətli və ehtiyatlı mövqe ilə xarakterizə olunur. Donald Trampın etirazçıların öldürülməsi fonunda müdaxilə ilə bağlı sərt xəbərdarlıqlarına baxmayaraq, Vaşinqtonun hələlik hərbi addımdan çəkinməsi bir sıra strateji və siyasi səbəblərlə izah olunur. Mövcud proseslər göstərir ki, ABŞ mümkün müdaxilənin regionda və İranda doğura biləcəyi nəticələri diqqətlə hesablayır və situasiyanın “yetişmə” mərhələsinə çatmasını gözləyir.

Siyasi ekspert Asif Nərimanlı “Sherg.az”a bildirib ki, Tramp İranda etirazçıların öldürülməsinə görə müdaxilə ediləcəyinə dair bir neçə dəfə xəbərdarlıq etsə də, ABŞ-nin gözləmə mövqeyi bir sıra səbəblərdən qaynaqlana bilər.

A. Nərimanlı qeyd edib ki, Vaşinqton hərbi müdaxilənin əks-effekt verə biləcəyindən – “xarici müdaxilə” qarşısında etirazların səngiməsindən ehtiyatlanır və prosesin tam “yetişməsini”, Trampın dediyi kimi, “kimin önə çıxacağını görmək” istəyir: “Etirazların ilk günlərində xarici müdaxilə rejimin “əlinə oynamaq” kimi görünürdüsə, repressiyaların güclənməsi fonunda bu mənzərə dəyişir, rejimə hərbi hücum etirazçılar tərəfindən dəstəklənə bilər. Həmçinin ABŞ-nin İranın hərbi müdaxiləyə cavabını proqnozlaşdırmaq çətinliyi ola bilər. 12 günlük müharibəyə qədər Tehranın “qisas hücumu” ənənəvi olaraq, Vaşinqtonla razılaşdırılmış və idarəolunan formada baş verirdi, lakin mövcud vəziyyətdə seçimi qalmayan rejim “tarana gedəcək” ki, bu da həm bölgədəki Amerika bazalarına, həm də İsrailə risklər yarada bilər. Lakin rejimi dəyişmək imkanının yaranması fonunda ABŞ-nin hərbi müdaxilə ssenarisini işə salacağı ehtimalı hər keçən gün artır, mümkündür ki, Vaşinqton beynəlxalq legitimliyi tam qazanmaq üçün “qaçılmaz vəziyyətin” formalaşmasını gözləyir. ABŞ üçün etirazçıları qorumaq və onların dəstəyini qazanmaq məqsədilə İrana mümkün hərbi müdaxilədə iki hədəf - SEPAH da daxil olmaqla etirazçılara qarşı zorakılıq törədən təhlükəsizlik qüvvələri və hərbi rəhbərlik, prioritet ola bilər”.