ABŞ Paşinyanı Rusiyaya qarşı dəstəkləyir - TƏHLİL

Devid Vensin səfəri Ermənistan daxilindəki Rusiyanın agentura şəbəkəsinə də mesajdır

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcək. Bunu Ermənistanın Respublika Naminə Partiyasının sədri Arman Babacanyan açıqlayıb. Babacanyan səfərin 8 avqust razılaşmasının icrası prosesi çərçivəsində həyata keçiriləcəyini bildirib: "Bu cür səfərlər konkretliyi ilə dəyərlidir.

Ermənistan aydın, ölçülə bilən bir paket hazırlamalıdır. Birincisi, TRIPP infrastrukturu üçün investisiya layihələri: yollar, logistika mərkəzləri, anbar, yük daşınması, sığorta, xidmət sektoru və s. İkincisi, sərhəd və gömrük imkanlarının sürətli modernləşdirilməsi: insan alverinə qarşı sistemlər, tam rəqəmsallaşdırma, kibermüdafiə, yük daşınmasının idarəolunması. Üçüncüsü, hüquqi təminatlar: şəffaf müqavilələr, müstəqil nəzarət, risklərin qarşısının alınması, investorun və dövlətin maraqlarının balanslı qorunması. ABŞ-nin layihədə iştirakı Ermənistanı ünsiyyət, etimad və təhlükəsizlik mərkəzinə çevirmək üçün bir fürsətdir". Ermənistan Amerika Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Suren Sarkisyan da deyib ki, ABŞ 2026-cı ildə Cənubi Qafqazdakı fəaliyyətini artıracaq və “Tramp yolu”nun rəsmi olaraq açılması istisna deyil. O bildirib ki, bu, Ermənistanda iyun ayında keçiriləcək seçki kampaniyası ilə üst-üstə düşə bilər: “ABŞ-nin regiondakı maraqlarına yalnız Ermənistanın gündəliyi deyil, qlobal siyasət kontekstində baxılmalıdır. “Tramp yolu” ancaq Ermənistan və Azərbaycanla bağlı deyil, həm də Mərkəzi Asiyanı Rusiyadan yan keçməklə Avropa ilə birləşdirmək, Çinin təsirini azaltmaq məqsədi daşıyan daha böyük bir layihənin hissəsidir. Ümumilikdə, investisiyalar, birgə layihələr və Amerikanın iştirakının artması gözlənilir”.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, ABŞ vitse-prezidentinin Ermənistana gözlənilən səfəri kifayət qədər önəmli hadisədir. Ekspertin sözlərinə görə, Ceyms Devid Vensin səfəri qətiyyən təsadüfi deyil: "Böyük ehtimalla bu səfərin həm geopolitik, həm də geostrateji və geoiqtisadi hədəfləri mövcuddur. Rəsmi İrəvan bir müddət öncə Avropa Birliyinə də müraciət etmişdi ki, seçkilərdə xarici müdaxilə təhlükəsini aradan qaldırmaq üçün Avropa Birliyi Ermənistana dəstək versin. Avropa Birliyi də belə bir dəstək öhdəliyini üzərinə götürdü. İndi də ABŞ-nin ikinci adamı Ermənistana səfər edəcək. Ermənistanda keçiriləcək seçkilərə bir neçə ay qalmış belə önəmli bir səfərin reallaşması birmənalı şəkildə mesaj xarakteri daşıyır. Ağ Ev bununla Rusiyanın devirməyə çalışdığı Paşinyan hökumətini dəstəklədiyini bəyan edir. Eyni zamanda Ermənistan daxilindəki Rusiyanın agentura şəbəkəsinə də mesaj xarakteri daşıyır. Bu da istənilən halda Paşinyan hakimiyyətinin mövqelərinin nisbətən möhkəmlənməsi üçün önəmli faktorlardan biridir". 

Analitik əlavə edib ki, ABŞ rəsmisinin səfəri çərçivəsində "Tramp marşrutu"nun müzakirə mövzusu olacağı şübhəsizdir: "Məlumatlara görə, ABŞ və Ermənistan arasında "Tramp marşrutu"nun işə salınması üzrə danışıqlar artıq son mərhələyə çatıb. Ola bilsin ki, məhz ABŞ vitse-prezidentinin Ermənistana səfəri çərçivəsində bu məsələ yekunlaşsın. Hətta ortaq sənədin imzalanma ehtimalı da var. ABŞ dəhlizin tezliklə açılmasında maraqlıdır".