ABŞ ölkəyə giriş qadağası ilə bağlı qərarını strateji şəkildə planlaşdıraraq, hazırda Aİ və ya Böyük Britaniyada vəzifə tutan heç bir məmuru hədəfə almamağa çalışıb. Sherg.az xəbər verir ki, bununla belə, Brüsseldə hesab edirlər ki, Vaşinqton “qırmızı xətti” keçib, - "Politico" yazır.
Qeyd olunur ki, bu addım birbaşa cavab tədbirləri riskini azaltmaq məqsədi daşıyıb. Lakin Brüsseldə narazılıq ondan ibarətdir ki, ABŞ Aİ-nin rəqəmsal sahədə qanunlarının icrasını təmin edən şəxslərdən birinə qarşı sanksiya tətbiq edib.
ABŞ dövlət katibi Marko Rubionun bildirdiyinə görə, Vaşinqton amerikalı platformaları və spikerləri senzura etməyə cəhd etdiklərinə görə beş fəala ölkəyə giriş qadağası qoyub. ABŞ dövlət katibinin ictimai diplomatiya üzrə müavini Sara Rocers isə X sosial şəbəkəsində yazıb ki, sanksiyalar Aİ-nin Daxili Bazar üzrə keçmiş komissarı, Aİ-nin Rəqəmsal Xidmətlər Aktının əsas müəlliflərindən biri olan Tyerri Bretonu da əhatə edir.
Bu fonda “Telegram”ın qurucusu Pavel Durov bəyan edib ki, Fransa Prezidenti Emmanuel Makron aşağı reytinqlərlə üzləşib və tənqidçiləri susdurmağa, həmçinin Avropa İttifaqını “rəqəmsal QULAQ”a çevirməyə çalışır.
"Politico" yazır ki, Tramp administrasiyası dəfələrlə Aİ rəhbərliyini Amerika şirkətləri və fikir liderlərinə qarşı senzura cəhdlərinə görə tənqid edib.