ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?

ABŞ Dövlət Departamenti Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından rəsmən çıxarıb.

Serg.az xəbər verir ki, qərar ABŞ Maliyyə Nazirliyinin bununla bağlı bildirişi əsasında qüvvəyə minib.

Bununla da Suriyaya terrorizmi dəstəkləyən dövlət statusunun yaratdığı bir sıra hüquqi və maliyyə məhdudiyyətləri aradan qalxır. Bu status ABŞ-ın xarici yardımları, müdafiə məhsullarının ixracı və müəyyən maliyyə əməliyyatları ilə bağlı ciddi məhdudiyyətlər nəzərdə tuturdu.

Qərar ABŞ Prezidenti Donald Trampın Suriya ilə bağlı sanksiyaların yumşaldılması vədindən sonra qəbul edilib. Tramp daha əvvəl Ankarada NATO sammiti çərçivəsində Suriyanın yeni prezidenti Əhməd əş-Şaraa ilə görüşü zamanı ölkənin “qara siyahı”dan çıxarılacağına söz vermişdi.

ABŞ-ın qərarı yalnız Suriya ilə məhdudlaşmayıb. Vaşinqton “Əl-Nüsrə Cəbhəsi”nin, digər adı ilə Heyət Təhrir əş-Şamın da xüsusi təyin olunmuş qlobal terrorçu təşkilat statusunu ləğv edib. Qrup ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısından da çıxarılıb.

ABŞ-ın bu addımı Suriyanın iqtisadiyyatına xarici investisiyaların cəlb olunması və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər. ABŞ rəsmiləri də qərarın Suriyada siyasi və iqtisadi sabitliyin təşviqinə xidmət edəcəyini bildiriblər.

Suriya terrorizmi dəstəkləyən dövlət statusunu 1979-cu ildən daşıyırdı. Bu status uzun illər ərzində Dəməşqin ABŞ-la iqtisadi və siyasi münasibətlərinin ciddi şəkildə məhdudlaşmasına səbəb olub.

Bununla belə, ABŞ-ın Suriyaya münasibətindəki dəyişiklik bütün məhdudiyyətlərin avtomatik olaraq aradan qalxması demək deyil. Vaşinqtonun Suriyaya səfərlərlə bağlı xəbərdarlığı hələ də ən yüksək — “səfər etməyin” səviyyəsindədir.

Beləliklə, Vaşinqtonun son qərarı Bəşər Əsəd dövründən sonrakı Suriyaya münasibətdə ABŞ siyasətinin yeni mərhələyə keçdiyini göstərən mühüm addımlardan biri kimi qiymətləndirilir.