ABŞ Türkiyənin “F-35” proqramına qayıtmasını arzulamır - TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-nin F-35 qırıcı təyyarə proqramından kənarlaşdırılmasını ədalətsiz adlandırıb.

O, Türkiyənin proqrama qaytarılmasının NATO üçün də vacib olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələyə toxunaraq deyib:

“Türkiyənin F-35 proqramına qayıtması NATO üçün vacibdir. Türkiyə bu proqrama yenidən qoşulmalıdır. Türkiyə olmadan NATO-nun təhlükəsizliyi mümkün deyil. Türkiyənin Rusiyadan hərbi texnika alması səbəbindən proqramdan kənarlaşdırılması ədalətsizdir”.

Politoloq Abutalıb Səmədov “Sherg.az”a bildirib ki, ABŞ prezidenti Donald Trampın son bəyanatları və davranışları NATO-da ciddi böhran yaradıb:

“Proseslər göstərir ki, NATO illərdir təqdim edildiyi qədər monolit və güclü struktur deyil. Alyansın real hərbi potensialı əsasən ABŞ ordusunun üzərinə düşür. ABŞ olmadan NATO-nun effektiv hərbi blok kimi fəaliyyət göstərməsi olduqca çətindir. Avropa ölkələrinin əksəriyyətinin orduları say və döyüş hazırlığı baxımından ciddi məhdudiyyətlərə malikdir. Bu fonda Polşa istisna kimi göstərilsə də, 300 minlik şəxsi heyət belə alyansın ümumi təhlükəsizlik yükünü daşımaq üçün kifayət hesab edilmir.

Mövcud vəziyyətdə NATO-nun Türkiyəyə ehtiyacı daha da artıb. Türkiyə ordusu ABŞ-dən sonra alyans daxilində ən böyük və ən döyüş qabiliyyətli ordulardan biri hesab olunur. Real döyüş təcrübəsi, geniş şəxsi heyət, hərbi sənaye potensialı və strateji coğrafi mövqeyi Türkiyəni NATO üçün əvəzolunmaz tərəfdaşa çevirir.

Tramp isə məqsədyönlü şəkildə NATO-nu zəiflətmək xətti yeridir. Digər NATO üzvlərinə sübut etmək istəyir ki, NATO elə ABŞ-dən ibarətdir. Azərbaycan prezidenti İlham Əliyev də bir neçə il əvvəl açıq şəkildə qeyd etmişdi ki, KTMT deyilən bir qurum yoxdur, Rusiya var. Bu gün NATO və Amerika Birləşmiş Ştatlarına münasibətdə də eyni sözləri demək olar”. 

Politoloqun sözlərinə görə, mövcud şəraitdə ABŞ Türkiyənin “F-35” proqramına qayıtmasını arzulamır və belə bir addımın atılacağı da real görünmür: “Donald Tramp açıq və qəti şəkildə tələb edir ki, Türkiyə “S-400” zenit-raket kompleksindən imtina etsin, onu başqa bir dövlətə versin və ya istənilən formada bu silah sistemlərindən tam şəkildə uzaqlaşsın. Əks halda, Türkiyənin “F-35” proqramına yenidən cəlb olunması ehtimalı yoxdur.

Eyni zamanda, Türkiyənin “F-35” təyyarələrini əldə etmək imkanları da ciddi şəkildə məhdudlaşdırılır. ABŞ tərəfi bunu əsasən “F-35”lərin texnoloji sirrlərinin üçüncü tərəflər tərəfindən öyrənilə biləcəyi riski ilə əsaslandırır. Bu yanaşma isə Vaşinqtonun Ankaraya etimadsız münasibətinin davam etdiyini göstərir.

Əvvəllər Türkiyənin “S-400” sistemlərini Azərbaycana verməsi ilə bağlı müəyyən ehtimallar səsləndirilirdi.

Lakin ən yaxın müttəfiq, qardaş dövlət belə olsa, bu qədər böyük bir texnikanı vermək real və asan qərar deyil.

Türkiyə üçün hazırkı mərhələdə “F-35” proqramına qayıtmaqdan daha çox, artıq ödənişi edilmiş “F-35” təyyarələrinin taleyi daha aktual məsələdir. Ancaq bu istiqamətdə də yaxın perspektivdə müsbət nəticə gözləmək çətindir. Tramp administrasiyası Bayden administrasiyası kimi Türkiyənin müstəqil və çoxvektorlu siyasət yürütməsini qəbul etmək istəmir. ABŞ Türkiyənin öz diktəsi ilə hərəkət etməsini arzulayır. Lakin Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olduğu müddətdə Ankaranın bu cür təzyiqlərlə razılaşması mümkün görünmür”.