Natiq Cəfərli: "Əgər İran tərəfi ABŞ-nin təklifinə müsbət cavab verməsə, çox güman ki, 60 gündən sonra növbəti müharibə dalğasının şahidi olacağıq"
ABŞ və İran arasındakı danışıqlar Hörmüz boğazı və nüvə proqramı ətrafında düyünlənən məsələlərə görə dalana dirənib. Diqqətlər ötən gün ABŞ lideri Donald Trampın İranla bağlı keçirdiyi toplantıya yönəldi. Tramp iki saatlıq toplantını konkret bir qərar açıqlamadan yekunlaşdırıb.
Toplantı bitər-bitməz, ABŞ tərəfi Tehranın nüvə ambisiyalarına qarşı qətiyyətli mövqeyini yenidən ortaya qoyaraq, İranın heç bir halda nüvə dövlətinə çevrilməsinə icazə verilməyəcəyini bildiriblər. Administrasiyadan verilən mesaj isə aydındır: Tramp yalnız Vaşinqtonun diktə etdiyi “qırmızı xətlər” daxilində sazişə imza atacaq. Diqqətçəkən digər bəyanat, ötən gün BAEA-nın baş direktoru Rafael Qrossidən gəlib. Onun Qazaxıstanın İranın zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazır olduğunu bildirməsi, danışıqlar masasında bu məsələnin də müzakirə edildiyini göstərir.
Mövzu ilə bağlı politoloq Natiq Cəfərli Sherg.az-a bildirib ki, nüvə proqramı üzrə problemlər həllini tapmasa, yeni müharibə qaçılmaz olacaq: 
“Hazırda uran ehtiyatlarının İrandan çıxarılması barədə müzakirələr gedir. Tramp bir neçə gün bundan öncə, onların Çin və Rusiyaya verilməsinə razı olmayacağını açıqladı. Şübhəsiz ki, İran uran ehtiyatlarını ABŞ və İsrailin ixtiyarına verməyəcək. Hazırda ABŞ-nin 60 günlük fasiləyə ehtiyacı var. Çünki ABŞ-də iyunun 11-də Dünya Çempionatı, həmin ayın 14-də Trampın 80 illik yubileyi və iyulun 4 də ölkənin müstəqilliyinin 250 illiyi qeyd olunmalıdır. ABŞ ard-arda gələn əlamətdar günlər ərəfəsində, müharibə vəziyyətindən qaçmağa çalışır”.
Politoloqun sözlərinə görə, indiki şəraitdə ABŞ-nin əsas məqsədi razılaşma əldə etməkdir:
“Çünki müharibə hazırda onlara sərf eləmir. Əgər İran tərəfi ABŞ-nin təklifinə müsbət cavab verməsə, çox güman ki, 60 gündən sonra növbəti müharibə dalğasının şahidi olacağıq. Razılaşmanın formatı da böyük önəm daşıyır. Anlaşmanın fundamental sülh əvəzinə, müvəqqəti atəşkəs formatında imzalanması, daha böyük bir müharibənin anonsu olacaq. Əgər nüvə proqramı və Hörmüz boğazı ətrafında düyünlənən problemlər üzrə ortaq məxrəc əsasında razılaşma əldə olunarsa, qalıcı sülhdən danışmaq olar”.