ABŞ yaxın günlərdə İrana zərbələr endirəcək - RƏY

"Biz bunu 12 günlük müharibə şəraitində də gördük"

İranda vəziyyət gərgin olaraq qalır. İnsan haqlarının monitorinqi ilə məşğul olan HRANA təşkilatının yaydığı məlumata görə, etiraz aksiyaları zamanı indiyədək azı 2571 nəfər həlak olub. Ölənlərin 2403-ü etirazçı, 147-si İranın dövlət strukturları ilə əlaqəli şəxslər, 12-si isə yetkinlik yaşına çatmayan şəxslərdir. Bu rəqəmlər ölkədə baş verən zorakılığın dərinliyini açıq şəkildə ortaya qoyur.

Rəsmi Tehranın mövqeyi isə sərt olaraq qalır. İranın məhkəmə hakimiyyətinin başçısı Qolam Hüseyn etirazlar zamanı saxlanılan şəxslərin edam ediləcəyini bəyan edərək, hakimiyyətin qorxu və repressiya siyasətinə üstünlük verdiyini nümayiş etdirib. İranın xarici işlər naziri Abbas Əraqçi məsuliyyəti hakimiyyətin üzərindən yayındırmağa çalışaraq, etirazları “xaricdən idarə olunan terrorçu qrupların fəaliyyəti” ilə əlaqələndirib. Nazir aksiyaları iki mərhələyə ayıraraq iddia edib ki, 28 dekabrdan 7 yanvara qədər etirazlar dinc xarakter daşıyıb. Lakin 8-10 yanvar tarixlərində prosesə “terrorçular” cəlb olunub. Əraqçının sözlərinə görə, bu qrupların əsas məqsədi qarşıdurmanı dərinləşdirmək və insan itkilərinin sayını artırmaqdır. Gərginlik təkcə İran daxilində baş verənlərlə məhdudlaşmır. Reuters agentliyinin məlumatına görə, rəsmi Tehran ABŞ-nin İrana hərbi müdaxilə edəcəyi təqdirdə Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına zərbə endirməyə hazır olduğunu bəyan edib. Vaşinqtonun Tehrana qarşı təhdidlərinin, real hərbi toqquşmaya çevrilib-çevrilməyəcəyi hələlik açıq sual olaraq qalır.

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a açıqlamasında bildirib ki, İranda etirazlar müxtəlif dövrlərdə baş versə də, bu dəfəki proses miqyası və siyasi məzmunu ilə əvvəlkilərdən ciddi şəkildə fərqlənir:

“Ənənəvi olaraq ayrı-ayrı vilayətləri əhatə edən narazılıqlar bu dəfə demək olar ki, bütün ölkəni bürüyüb. Etirazların ilkin səbəbi İranın milli valyutası olan rialın dollar qarşısında kəskin dəyər itirməsi olub. İlkin mərhələdə ticarət sektorunda çalışanlar küçələrə çıxıblar. Lakin qısa müddət ərzində narazılıq dalğası nəzarətdən çıxaraq genişmiqyaslı sosial-siyasi etirazlara çevrilib. Mövcud hakimiyyət dövründə ilk dəfə olaraq Ali rəhbər Əli Xamenei əleyhinə açıq şəkildə ölüm şüarlarının səsləndirilməsi etirazların mahiyyətinin artıq iqtisadi tələblərdən uzaqlaşdığını göstərir. Hakim dairələr illərdir islahat vədləri versə də, heç bir dəyişiklik baş vermədi. Xalq gördü ki, hakim elita varlandıqca, onlar kasıblığa məhkum qalırlar”. 

Politoloqun sözlərinə görə, İŞİD-ə bağlı qruplar ölkə ərazisinə daxil olaraq, etirazçıları qətlə yetirirlər:

“Xüsusilə İran rəhbərliyinə yaxın şəxslərin ABŞ, Böyük Britaniya və Fransa banklarında böyük maliyyə aktivlərinə sahib olması ilə bağlı iddialar cəmiyyətdə ciddi narazılıq yaradıb. Digər tərəfdən, uğursuz xarici siyasətin nəticəsi olaraq tətbiq edilən ağır sanksiyalar ölkə iqtisadiyyatını iflic vəziyyətinə salıb. İranın zəngin təbii sərvətlərə malik olmasına baxmayaraq, əhalinin böyük hissəsi yoxsulluq şəraitində yaşayır. Bu mənzərədə xalqın küçələrə çıxaraq haqq və azadlıqlarını tələb etməsi gözlənilən idi. İran hakimiyyəti baş verənləri əsasən xarici müdaxilə ilə izah etməyə çalışır. Rəsmi dairələrin iddiasına əsasən, İŞİD-ə bağlı qruplar ölkə ərazisinə daxil olaraq, etirazçıları qətlə yetirirlər. Belə bir ehtimal varsa da, silahlı qruplaşmaların sayı azlıq təşkil edə bilər. Etirazlarda fəal kütlə sıravi vətəndaşlardır. Bütün məsuliyyəti xarici qüvvələrin üzərinə atmaq İran rəhbərliyinin daxili narazılığın səbəblərini gizlətmək baxımından daha asan yoldur”.

Politoloqun proqnozuna görə, ABŞ yaxın günlərdə İrana qarşı hərbi hücumlar həyata keçirəcək:

“Xatırlayırsızsa, hadisələrin gərginləşdiyi dövrdə ABŞ prezidenti Donald Tramp, etirazçılara qarşı güc tətbiq olunacağı təqdirdə İrana sərt cavab veriləcəyini açıqlamışdı. Buna baxmayaraq, yanvarın 8-9-dan etibarən ölkədə kütləvi qətllər törədildi. Bu hadisələrdən sonra Tramp yenidən bildirdi ki, yaşananlara sakit yanaşa bilməz, İran xalqına kömək yoldadır. Bu isə o deməkdir ki, ABŞ qəti şəkildə İranın hərbi obyektlərinə və molla rejiminin rəhbərlərinin olduğu ərazilərə zərbələr endirəcək. Biz bunu 12 günlük müharibə şəraitində də gördük. ABŞ İranın nüvə obyektlərini hədəf alaraq, bombaladı. Artıq Tramp öz vədlərini yerinə yetirmək üçün, yaxın günlərdə İrana qarşı hərbi hücumlar həyata keçirəcək”.