“Almaniya regionda sülhə töhfə vermək istəyir, amma həlledici güc ABŞ, Türkiyə və digər aktorlardadır”
Yanvarın 27-də Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetin dəvəti ilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Ermənistan səfiri Viktor Yengibaryan “Cənubi Qafqazda Dönüş Zamanları: Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın yeni Şərq Əlaqəsi” mövzusunda müzakirədə iştirak ediblər. Ermənistan səfiri Viktor Yengibaryan çıxışında Almaniya hökumətinə və şəxsən əvvəllər Bundestaqın Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri olmuş Federal Xarici İşlər Naziri Yohann Vadepula əvvəlki dövrdə göstərilən konstruktiv iş və dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirdə onlarla mütəxəssis, parlament üzvü və media nümayəndələri iştirak edib. Tədbir Münhen Maksimilian Universiteti və Axen Universitetinin Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu tərəfindən təşkil olunub.
Siyasi ekspert Məhəmməd Əsədullazadə Bundestaqda keçirilən müzakirəni dəyərləndirərkən “Sherg.az”a bildirib ki, Almaniyanın bu formatda təşəbbüskarlıq göstərməsi onun Cənubi Qafqazda geosiyasi mövqeyini daha açıq şəkildə ortaya qoymaq niyyətindən irəli gəlir. Ekspertin fikrincə, son illər Berlin təkcə Avropa daxilində deyil, ümumilikdə beynəlxalq müstəvidə siyasi və hərbi çəkisini artırmaq istiqamətində ardıcıl addımlar atır. Bu kontekstdə Cənubi Qafqaz Almaniyanın maraq dairəsində olan regionlardan biri kimi xüsusi əhəmiyyət daşıyır. M. Əsədullazadənin sözlərinə görə, Almaniyanın Azərbaycanla ikitərəfli münasibətlərə verdiyi önəm təsadüfi deyil: “Berlin uzun illər ərzində keçmiş Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyib. Xüsusilə ərazi bütövlüyü prinsipinə münasibətdə Almaniyanın mövqeyi bir sıra Avropa ölkələri ilə müqayisədə daha balanslı olub. Hazırda isə Cənubi Qafqazda tamamilə yeni siyasi reallıq formalaşıb. Münaqişə mərhələsi arxada qalıb, Azərbaycan və Ermənistan arasında sülh danışıqları yekunlaşma mərhələsinə yaxınlaşıb. Məhz bu yeni mərhələdə Almaniya regionda öz siyasi, iqtisadi və enerji maraqlarını təmin etmək üçün daha fəal görünməyə çalışır. Xüsusilə Avropanın enerji təhlükəsizliyi fonunda Azərbaycanın Almaniya üçün alternativ və etibarlı qaz mənbəyi kimi ön plana çıxması Berlinin regiona marağını daha da artırır”.
Politoloq qeyd edib ki, Almaniya Azərbaycanla Ermənistan arasında sülh etimadının formalaşmasına töhfə vermək niyyətindədir və Bundestaqda keçirilən belə görüşlər də bu strategiyanın tərkib hissəsidir:
“Bu, eyni zamanda Almaniyanın Cənubi Qafqazda geosiyasi proseslərdə daha fəal rol almaq istədiyini göstərir. Almaniyanın regionla bağlı tövsiyə vermək və təşəbbüslərlə çıxış etmək istəyi başadüşüləndir, lakin Berlinin Cənubi Qafqazda həlledici gücə çevrilməsi real görünmür. Çünki regionda artıq formalaşmış əsas güc mərkəzləri mövcuddur. ABŞ, Türkiyə, eləcə də proseslərə birbaşa təsir imkanlarına malik digər regional aktorlar Cənubi Qafqazın təhlükəsizlik və siyasi arxitekturasında əsas söz sahibidirlər. qeyd etdiyim kimi Almaniyanın təşəbbüsləri də daha çox Avropanın regional proseslərdə görünən aktora çevrilmək cəhdi kimi qiymətləndirilməlidir. Lakin real güc balansı fonunda Berlinin rolu məhdud çərçivədə qalacaq və əsas qərarverici mexanizmlər regionun və qlobal güclərin əlində olacaq”.